"Dövlət başçısının dediyi kimi, əgər Azərbaycan istəməsəydi, bölgədə sülhdən danışmaq mümkün olmazdı"
Mayın 10-da Prezident İlham Əliyevin Zəngilanda səsləndirdiyi fikirlər Azərbaycanın postmünaqişə dövrünə baxışını, regional geosiyasi proseslərə yanaşmasını və gələcək strateji hədəflərini əhatə edən mühüm mesajlarla yadda qalıb.
Dövlət başçısı çıxışında uzun illər ərzində Qarabağ münaqişəsinin həllini uzadan ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyini, işğal dövründə Azərbaycan ərazilərində törədilən dağıntılara beynəlxalq səviyyədə göz yumulmasını və ikili standartlar siyasətini sərt şəkildə tənqid edib. Prezident vurğulayıb ki, 44 günlük Vətən müharibəsi ilə Azərbaycan təkcə öz ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda onilliklər boyu regionda formalaşdırılmış ədalətsiz status-kvonu da darmadağın edib.
Çıxışda Ermənistanın xarici güclərdən asılı siyasəti, xüsusilə Fransanın regionda artan fəallığı və neokolonial yanaşmaları da xüsusi qeyd olunub. Prezident İlham Əliyev regional proseslərin artıq Bakı və Ankara tandeminin siyasi iradəsi ilə formalaşdığını diqqətə çatdıraraq, revanşist meyllərə və Azərbaycana qarşı mümkün təxribatlara qarşı qətiyyətli mövqe nümayiş etdirib. Dövlət başçısı həmçinin Avropa İttifaqının Ermənistandakı missiyasını bölgədə yeni təsir aləti kimi dəyərləndirib.
Prezident çıxışında Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə də toxunaraq, dağıdılmış şəhər və kəndlərin qısa müddətdə yenidən qurulduğunu, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edildiyini bildirib. İşğal dövründə törədilmiş urbisid, ekosid və kultursid əməllərini xatırladan dövlət başçısı Azərbaycanın yalnız müharibədə deyil, sülh quruculuğunda da təşəbbüskar tərəf olduğunu vurğulayıb. Bununla yanaşı, WUF13 hazırlıq prosesi, qlobal ərzaq təhlükəsizliyi ilə bağlı çağırışlar və ölkədə sabitliyin qorunması məsələləri də çıxışın əsas istiqamətlərindən olub.
Ölkə başçısının Zəngilanda səsləndirdiyi fikirləri şərh edən politoloq Azər Niftiyev Sherg.az-a açıqlamasında Prezidentin Zəngilan mesajlarını post-münaqişə dövrünün strateji xəritəsi kimi dəyərləndirib. Onun fikrincə, Prezidentin Zəngilanda əsləndirdiyi fikirlər Azərbaycanın keçdiyi tarixi yolun, qazandığı böyük Zəfərin və postmüharibə dövründə həyata keçirilən quruculuq siyasətinin növbəti mühüm təqdimatıdır: “Prezident İlham Əliyevin çıxışı təkcə Zəngilan sakinlərinə deyil, bütövlükdə Azərbaycan və beynəlxalq ictimaiyyətə ünvanlanmış çox ciddi siyasi mesajlarla zəngin idi. Ölkəmizin hərbi-siyasi zəfərinin daimi xarakter daşıdığını və regionun yeni xəritəsinin artıq cızıldığını bütün dünyaya bəyan etdi. Bu çıxış vasitəçilik imitasiyası ilə məşğul Minsk Qrupu və Fransanın neokolonial ambisiyalarının rəsmən süquta uğradığının bariz nümunəsidir. Bakı artıq post-münaqişə dövrünün sadəcə tərəfi deyil, onun məzmununu və şərtlərini müəyyən edən əsas güc mərkəzidir. Zəngilanda verilən qətiyyətli siyasi mesajların məntiqi davamı olaraq Bakıda keçiriləcək Ümümdünya Şəhərsalma Forumu ölkəmizin iqtisadi qüdrətinin nümayişinə çevrilir. Dünyanın qlobal maliyyə böhranı, enerji qıtlığı və müharibələrlə sarsıldığı bir şəraitdə Azərbaycan öz daxili resursları hesabına apardığı nəhəng yenidənqurma işləri ilə diqqət çəkir. Bu proses qlobal xaos fonunda Azərbaycanın təhlükəsizlik və inkişaf adasına çevrilməsini və daxili sabitliyini qoruduğunu bir daha təsdiq edir”.
Siyasi şərhçinin sözlərinə görə, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın bölgədə sülh istəyən tərəf olduğunu bir daha nümayiş etdirib: “Azərbaycan müharibəni bitirib və regionda davamlı sülhün tərəfdarıdır. Dövlət başçısının dediyi kimi, əgər Azərbaycan istəməsəydi, bölgədə sülhdən danışmaq mümkün olmazdı. Bu gün bəzi xarici dairələr, xüsusilə Fransa Prezidenti Emmanuel Makron populist bəyanatlarla Ermənistanı müdafiə etməyə çalışır. Halbuki 2020-ci ildə Ermənistan ağır məğlubiyyətə uğrayanda həmin dairələr heç nə edə bilmədilər. Bu gün sərhəddə yerləşdirilən dırnaqarası Avropa müşahidəçiləri də vəziyyəti sabitləşdirmək yox, əksinə, gərginliyi artırmaq məqsədi daşıyır. “Binokl diplomatiyası” qəbuledilməzdir. Ermənistan və onun havadarları anlamalıdırlar ki, Azərbaycana qarşı istənilən təxribat çox sərt şəkildə cavablandırılacaq”.