Bakıda baş verən bıçaqlanma hadisəsi ilə bağlı yeni detallar məlum olub.
Hadisə oktyabrın 25-də Sabunçu qəsəbə sakini, 2002-ci il təvəllüdlü Məmmədov Qulu Ramik oğlu tərəfindən törədilib. Belə ki, yeniyetmə aralarında düşən mübahisə zəminində 1989-cu il təvəllüdlü Osmanov Pərviz Xanlar oğlunu ürəyindən, 1995-ci il təvəllüdlü Abbaslı Nihat Ehtiram oğlunu qarın nahiyəsində bıçaqlayıb.
Yaralılar dərhal Sabunçuda yerləşən 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Hər iki yaralının vəziyyəti stabildir.
Bunu Lent.az -a zərərçəkmişlərin həkimi Mahir Vəliyev deyib:
"Bıçaq Osmanov Pərvinin ürəyinə dəyməyib. Yalnız ürək nahiyəsinə, sinəsinə dəyib. Müalicəsi davam edir, 1-2 günə evə buraxılacaq. Abbaslı Nihatın durumu isə orta-ağır stabil olaraq qiymətləndirilir. Onun müalicəsi hələ bir müddət davam edəcək".
Qeyd edək ki, xəstəxanadan hər iki yaralının oktyabrın 25-i cərrahiyyə şöbəsinə gətirildiyi bildirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.1-ci (iki və daha artıq şəxsin qəsdən sağlamlığına ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.
Hadisə ilə bağlı ilk xəbəri trend verib.