Bibiheybət təhlükəli zonadır: Hündürmərtəbəli tikililər sürüşmə yaradır - AKTUAL

Bibiheybətdəki sürüşmənin səbəbləri açıqlanıb. Məlumata görə, Bayıl ərazisi sürüşməyə meyilli ərazi olduğundan ciddi nəzarətdə saxlanılır.  Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geologiya Kəşfiyyat xidmətinin rəisi Əziz Qaralov bildirib ki, sürüşməyə insan amili səbəb olub:

“Keçən həftə bu ərazi barədə məlumat vermişdim. Daima yamac tərəfdə intensivlik olur. Baxmayaraq ki, layların yatım istiqaməti qərb tərəfədir və yamacın təsirindən daima dəniz istiqamətində təzyiq olur.
Atmosfer çöküntülərinin intensiv olması ilə əlaqədar olaraq torpaq qatı ağırlaşır, təzyiq artır və sürüşmə baş verir. Gəmiqayırma zavodu tərəfdə inşa edilən istinad divarının çökməsi tipli hadisə yenidən baş verib”.



Zemfira Budaqova: "Həmin qayalar müvəqqəti qayalardır və orada hündür binaların, tikintilərin, yeraltı qazıntılar aparılması cinayət əməli sayılır"


Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova Sherg.az-a açıqlamasında bildirib ki, Bibiheybətdəki sürüşmənin səbəbini insan amilinin üzərinə atmaq tamamilə yanlışdır. 

Onun sözlərinə görə, Bibiheybət dənizə yaxın ərazi olduğu üçün orada hündürmərtəbəli binaların tikilməsi qətiyyən yolverilməzdir. Lakin bu qaydaya heç kim əməl etmir:

“Bayılda əvvəlki sürüşmə baş verən zaman söyləmişdim ki, həmin zonalarda hündür bina tikmək olmaz. Müdafiə etdiyim layihədə Bayılda ancaq 2-3 mərtəbəli binaların bir-birinə asılı olaraq tikilməsini təklif etmişdim. Həmin layihənin içində də bütün məqamları-binaların necə tikilməsi, istirahət zonalarını hansı formada yerləşdirilməsi və.s məlumatları parça-parça etdilər. Məlumatların bir hissəsini Bayılda, digər hissəsini də başqa ərazilərdə istifadə etdilər və layihəni 3-4 yerə parçaladılar. Bibiheybət dənizə yaxın olduğu üçün ümumiyyətlə ora təhlükəli zonadır. Bibiheybətdə nə qədər işlər görüldü-guya məcdin altında ehsanlar vermək üçün qazıntı işləri apardılar. Ziyarətgadan bu şəkildə istifadə etməklə ad qazanmaq istəyirdilər. Dənizin kənarında, sürüşən zonada məscidin altında qazantılar aparmaq olmaz. Həmin ərazilərdə kənar tərəfdən qayalar görünməyinə baxmayaraq, ora sürüşkən zonadır. Çünki qayalar dərinliyə getmədiyi üçün, vaxtilə zəlzələdən sonra yaranan qayalardır. Həmin qayalar müvəqqəti qayalardır və orada hündür binaların, tikintilərin, yeraltı qazıntılar aparılması cinayət əməli sayılır. Bütün yol həmin ərazilərdən keçir, şəhərə giriş və çıxışın hamısı həmin yoldadır. İnsanları fikirləşmək lazım idi. Xarici mütəxəssislərin köməyi ilə işlər görülməli idi, amma bunu etmədilər”.



"Elə ki suyun səviyyəsi qalxır gil təbəqəsi islanır. Bu zaman sürüşkən bir zona yaranır"


Z.Budaqova bildirib ki, bütün yük maşınları, avtobuslar və digər nəqliyyatların hamısı Bibiheybət yolundan keçdiyi üçün həmin zona çox təhlükəlidir:

“Belə sürüşkən zonanı bu qədər yükləmək olmaz. Məlumdur ki, dəniz kənarında 15 metdən sonra gil təbəqəsi başlayır. Elə ki suyun səviyyəsi qalxır gil təbəqəsi islanır. Bu zaman sürüşkən bir zona yaranır. Ona görə də dəniz kənarında hündür binaların tikilməsi olduqca təhlükəlidir. Nəinki Bibiheybətdə, həmçinin Bakı bulvarı tərəfdə də maksimum 6 mərtəbəli binalar olmalıdır. Hələ təhlükəli hallar yenə baş verə bilər. Bu dəqiqə qlobal istiləşmə gedir. Məlumdur ki, qış ayı da normal keçmir. Qış olan yerlərdə də o dərəcədə soyuq yoxdur. Çünki bütün buzlaqlar tökülürlər və dəniz səviyyəsi qalxır. Hər kəs bilir ki, Qız Qalası suyun içində idi. İndi isə həmin su yerinə qayıtmaq istəyir, ona görə də suyun səviyyəsi qalxacaq. Bu zaman isə çox pis fəlakətlər baş verəcək. Məhz bu səbəblərdən həmin ərazilərdə hündür binalar tikmək, yeraltı qazıntılar aparmaq olmaz. Kimsə deyə bilər ki, Türkiyədə və başqa dövlətlərdə dənizin içərisindən dayaqlar edərək hündür körpülər yaradırlar. Amma bilmirlər ki, həmin körpüləri yaratmaq üçün dənizin lap içərisindən gedirlər. Bizimkilər isə bütün işləri üstdən edirlər. Bunların səbəbi də acgözlükdür, sabahı fikirləşmirlər. Ona görə də bu fəlakətlər baş verir".