Bakıda polisin də zəhərlənərək öldüyü saxta içki bu sexdə düzəldilib - YENİLƏNİB


Bakıda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxta spirtli içkilərin istehsalı ilə məşğul olan bir neçə sex və bu içkilərin satıldığı obyektlər aşkar edilib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından informasiya verilib.

Məlumata görə, dekabrın 27-də ələ keçirilmiş məhsulların nümunələri Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertiza Mərkəzinin laboratoriyasına göndərilib.

16:13

Bakıda iki nəfərin ölümünə səbəb olan saxta içkilərin istehsal olunduğu sex aşkarlanıb.

Oxu.Az-ın məlumatına görə, sex paytaxtın Binəqədi rayonunda aşkarlanıb.

Sexin Səxavət adlı şəxsə aid olduğu bildirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl paytaxtdakı restoranlarda yeddi nəfər saxta viskidən zəhərlənib. Onlardan ikisi ölüb, birinin isə hər iki gözü kor olub.

Qurbanlardan biri DİN-in BŞBPİ-nin Nərimanov rayonu RPİ-nin 18-ci Polis Şöbəsinin cinayət-axtarış  baş leytenantı, 32 yaşlı Bayramov Sərxan Niyazi oğlu olub.