Bakı-Sumqayıt yolunda evakuatorun yük daşıması təhlükəli vəziyyət yaradıb. Oxu.Az xəbər verir ki, görüntülər ötən gün axşam saatlarında Bakı-Sumqayıt yolunun Ekoloji nəzarət postundan keçən hissəsində çəkilib.
Videogörüntüdə evakuatorun üzərində, içərisində yük olan “Ford Transit” markalı yük maşınının daşındığı görünür. Yükün nəqliyyat vasitəsindən kənara çıxması digər nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaradıb.
Xatırladaq ki, “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nda Yüklərin markalanmasına aid hissənin 4.14-cü maddəsində qeyd olunub ki, qabaq və arxa tərəfdən avtonəqliyyat vasitəsinin qabaritindən - qabarit işığının xarici kənarından bir metrdən çox və ya yan tərəfdən 0,4 metrdən çox qırağa çıxan yüklər Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkətinə dair normativ hüquqi aktlarına uyğun nişanlanmalıdır.
Bundan başqa, “Yükün yüklənməsi və boşaldılması qaydaları”nın 6.5-ci maddəsinə görə, yüklənməsinə çox vaxt sərf edilən metal çubuqlar (millər), borular və digər tarazsız daşınan ədədi yüklər yüklənmədən əvvəl sarınmalıdır (altlıqların üzərinə yığılmalı və ya yükgöndərən tərəfindən digər üsullarla yük vahidi halına gətirilməlidir).