Təcili yardım briqadası çağırışa getdikləri ünvanda təhqir edildi



Mingəçevirdə Təcili Tibbi Yardım Xidmətinin həkim briqadası təhqir edilib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Günəşli yaşayış massivindəki 15-ci küçədə baş verib.

Həkim Şərafət Mirzəyevanın rəhbərliyi ilə həmin küçədəki fərdi təsərrüfatlardan birinə çağırışa gələn briqada səbəbsiz yerə təhqir olunub. Onların qarşısına çıxan kişi briqada üzvlərinə təhqiramiz və təhdid dolu ifadələrlə yanaşı, heyət üzvü Ramiz Məmmədova fiziki güc tətbiq edib.

Stansiyanın növbətçi cavabdeh həkimi Rəhim Quliyev həmin şəxsin guya briqadanın çağırış yerinə gec gəlməsini əsas tutaraq bu addımı atdığını deyib.

Onun sözlərinə görə, təcili yardım xidməti hər zaman olduğu kimi, bu dəfə də ən qısa zaman çərçivəsində çağırış yerinə yetişib.

Baş vermiş hadisəyə münasibət bildirən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Eldar Kərimov deyib ki, əslində bu xidmət ən ağır durumda olan vətəndaşlara yardım edilməsi üçün nəzərdə tutulub: "Amma gələn çağırışlar adi baş ağrısı, hər kəsin öyrəncəli olduğu təzyiq oynaması və digər bu kimi lüzumsuz hallarla bağlı olur. Bu minvalla gündəlik çağırışlar əvvəlki dönəmlərlə müqayisədə 4 dəfə artmış durumdadır. Səbəbsiz çağırışlar olsa belə, həkim briqadası çağırış yerinə gedir, amma bu əlavə vaxt itkisinə səbəb olur ki, bundan da ilk növbədə yardıma daha çox ehtiyacı olanlar zərər çəkir”.