Azərbaycanda həyat yoldaşı tərəfindən qırmancla döyülən qadından yeni xəbər var. Oxu.Az-ın məlumatına görə, Xızı rayon sakini Əfsanə İsayeva onu döyən əri ilə yenidən barışıb.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə saytımıza açıqlamasında bildirib ki, Ə.İsayeva dünən uşaqları ilə birlikdə həyat yoldaşı ilə sığınacaqdan evinə gedib.
Qeyd edək ki, bir müddət əvvəl Xızı rayonunda ana və üç övladı itkin düşüb. Daha sonra məlum olub ki, qadın həyat yoldaşı tərəfindən qırmancla döyüldüyü üçün üç övladını da götürərək, evdən qaçıb.
Qadının həyat yoldaşı Səxavət İsayev barəsində Xızı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə (CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməyə görə, iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) cinayət işi başlanılıb.