“Özünü təsdiq edə bilməyən insanlarda mənəvi sarsıntı olur" - Sosioloq intihar hallarından danışdı

Qax rayonunun Qaratala kəndində intihar hadisəsi baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Fatma İbadullah qızı Abbasovanın meyiti asılmış vəziyyətdə yaşadığı ünvanda yaxınları tərəfindən aşkar edilib. Üç uşaq anası olan F. Abbasovanın intihar etməsinin səbəbi məlum deyil.
 
İntihar bütün dünyada böyük ictimai problemdir. Son vaxtlar belə hadisələrin sayı artmaqdadır. 

Bəs, görəsən insanların problemi nədir?  Niyə intihara əl atırlar? 

Sosioloq Əhməd Qəşəmoğlu bu suallara aydınlıq gətirməyə çalışıb. “Sherg.az” a açıqlamasında sosioloq bildirib ki, hər bir insan həyatda özünü təsdiq etməyə çalışır ki, onu qiymətləndirsinlər:

“Özünü təsdiq edə bilməyən insanlarda mənəvi sarsıntı olur. Bu, insanlara psixoloji vəziyyəti, sağlamlıq durumu ilə bağlı olaraq müxtəlif şəkildə təsir edir. Və o zaman sabaha olan ümid insanlara kömək edə bilər. Əgər insan gələcəkdən yaxşı şeylər gözləyirsə sabaha olan ümidə bağlanır. Amma həyatda yerini tapa, özünü təsdiq edə bilmədikdə bir çox insanlar intihara cəhd edirlər”. 

Sosioloqun sözlərinə görə, kiminin ailədaxili konflikti var, intihar edir. Belə insanlar öhdəsindən gələ bilmədikləri problemləri yox etməyin, onlardan xilas olmağın yeganə yolunun intiharda görürlər. Səbəblər çoxdur: insanların psixoloji vəziyyəti, həyatda özünü təsdiq etməsi və  sabaha olan ümid...  Bu, üç amildən birinin olmaması intihara səbəb ola bilir.

Fidan Həbibli