Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Sherg.az-a verilən məlumata görə, karantin rejimi ilə bağlı məhdudiyyətlər tətbiq edilməsinə baxmayaraq, bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir. Belə ki, rayon ərazisindəki restoranların birində 20 nəfərə yaxın şəxs toplaşaraq qonaqlıq təşkil edib, bununla da xüsusi karantin qaydalarını kobud şəkildə pozublar.
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məclisdə iştirak edən 12 nəfər inzibati qaydada cərimə edilib. Digər 2 nəfər barəsində isə protokollar tərtib edilərək baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilib.