4-cü mərtəbədən düşdü, sağ qaldı

Qadın ərinin həbs olunmasını tələb edir

Malatyada yaşayan 24 yaşlı Firuze Ercan sentyabrın 20-də Malatyanın Battalgazi rayonunda  yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılaraq ağır yaralanıb. 
"Şərq" Türkiyə mətbuatına istinadən xəbər verir ki, təcili yardım maşını ilə Malatya Turqut Özal Tibb Mərkəzinə aparılan gənc qadın reanimasiyaya yatırılıb. Bu vaxt qadının əri G.E. (33) polisə verdiyi ifadəsində onun intihar etdiyini iddia edib.

Reanimasiyada sağ qalmaq üçün mübarizə aparan gənc qadın isə özünə gələndə həqiqət ortaya çıxıb. Xəstəxanada polisə ifadə verən Firuze Ercan evlərinin təmirdə olduğu üçün bir müddətdir ki, bir dostlarının evində qaldıqlarını və bu səbəbdən anasının yanına getmək istədiyini deyib.

Lakin qadın yoldaşı tərəfindən döyüldüyünü və qolundan tutaraq eyvandan onu atdığını bildirib.

Qadının şikayəti üzrə həbs edilən ər sonradan baş verən hadisənin heç bir kamera qeydi və şahidi olmadığı üçün sərbəst buraxılıb. Qadın isə bununla razılaşmadığını söyləyib və boşanma üçün məhkəməyə ərizə təqdim edib.

Zərərçəkmişin vəkili hadisənin sadə bir xəsarət olmadığını vurğulayıb və qətl cəhdinə görə işin ağır cinayət məhkəməsində açılmasını istəyib.