Torpaq sürüşməsi paytaxt Tbilisi üçün ciddi təhlükə yaradır

Tbilisinin Vaşlidcvari rayonu ərazisində torpaq sürüşməsi davam edir. Vaşlidcvari rayonunda magistral yolun yaxınlığındakı torpaq çatının uzunluğu və dərinliyi hər gün artır.

AZƏRTAC xəbər verir ki, bu barədə İlya Dövlət Universitetinin Torpaq Elmləri İnstitutunun Coğrafiya bölməsinin rəhbəri Laşa Suxişvili keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, yerli və Almaniyadan gəlmiş mütəxəssislərin qənaətinə görə, torpaq çatı yaranmış ərazilərdə vəziyyət çox gərgindir. Ən zəif tektonik titrəyiş ciddi problem yarada bilər. Ərazidə torpaq sürüşməsinin artması təkcə Vaşlidcvari rayonu üçün deyil, bütövlükdə Tbilisi üçün ciddi təhlükə yaradır.

Sürüşmə zonasında yaranmış çatların dərinliyində genəlmə əvvəlcədən deyildiyi kimi, 10 metr deyil, 16 metr və bəzi yerlərdə hətta 20 metr təşkil edir. Gündəlik sürüşmə bu gün üçün 5 santimetr təşkil edir və bu sürət hər gün arta bilər.

Alim deyib ki, torpaq sürüşməsi birtərəfli deyil. Sürüşmə yaranmış çat nəticəsində ikiyə bölünmüş hər iki tərəfdə müşahidə olunur, bu da çox təhlükəlidir.

Suxişvili hələlik həmin ərazilərdəki evlərin sakinlərinin təxliyəsi barədə qərar verilmədiyini bildirib.

Buna baxmayaraq, Vaşlidcvari rayonu ərazisində sürüşmə zonasının yaxınlığındakı Marşal Qelovani küçəsindəki 16 mərtəbəli yaşayış binasının sakinləri evlərini tərk edirlər.

Tbilisi şəhər meriyası ərazidə yaranmış təhlükəni nəzərə alaraq, yolun əsas hissəsində avtomobillərin hərəkətini qadağan edib.

Qeyd edək ki, torpaq sürüşməsinin qeydə alındığı ərazilərdə turizm obyektləri, göllər və digər əyləncə mərkəzləri var.