Əsgərlərlə görüş qadağandır!

“Bu hər kəsə aiddir və əmr ləğv olunana qədər qüvvədədir”

“Ən yaxşısı odur ki, andiçmə barəsində rəsmi qurumlar elan etdikdə valideynlərə görüş verilib-verilməyəcəyini bir neçə gün əvvəlcədən həmin elanla birlikdə dərc etsinlər”


Dünən Azərbaycan Ordusunun hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Bəzi vətəndaşlar pandemiya ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejiminin tələblərini və hərbi hissənin ərazisinə daxilolma qaydalarını kobud şəkildə pozmaqla hərbi hissənin ərazisinə daxil olmağa, əsgərlərlə görüşməyə cəhd ediblər.

Hərbi hissə komandanlığı bu cür addımların qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər görüb. Lakin uzaq yerlərdən gələn bəzi valideynlərin israrlı xahişləri və uzaq yol qət etmələri nəzərə alınaraq xüsusi karantin rejiminin tələblərinə ciddi riayət edilməklə onların öz övladları ilə qısamüddətli görüş keçirmələrinə şərait yaradılıb.

Müdafiə Nazirliyi bildirir ki, COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarının tələblərinə müvafiq olaraq əsgər valideynlərinin və yaxınlarının şəxsi heyətlə görüşlərinə ciddi məhdudiyyətlər tətbiq olunur: "Ordu sıralarında COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə hərbi qulluqçuların yaxın ailə üzvləri və qohumlarını ölkə miqyasında və orduda tətbiq olunan karantin qaydalarına ciddi riayət etməyə çağırırıq".



Mövcud durumu “Sherg.az”a dəyərləndirən hərbi ekspert Ədalət Verdiyev söyləyib ki, nəinki pandemiya dövründə hətta normal həyat sürdüyümüz zamanlarda belə gənc əsgərlərin hərbi andı içənə qədər valideynləri ilə görüşməsi qadağandır:

“Bu, həmin əsgərlərin həm iqlim, həm də qida rasionunun dəyişməsi ilə əlaqədar karantində saxlanılmaqla onların sağlamlığının mühafizəsinin effektiv olması məqsədi ilə atılan addımdır. Təəssüf ki, Müdafiə Nazirliyinin qeyd etdiyi hərbi hissədə vətəndaşlarımız qadağaları nəzərə almayaraq ləğv edilən görüşdən narazılıqlarını kobud şəkildə ifadə ediblər.

36 ildir ki, bu sahədəyəm və Azərbaycan xalqının heç bir zaman orduya, onun hissə və bölmələrinin infrasturukturuna ziyan verməsi faktına rast gəlməmişdim. Bu, ayrı-ayrılıqda kiçik faktlar ola bilər, lakin hadisənin kütləvi şəkildə baş verməsi ilk dəfədir. Maraqlısı odur ki, nazirlik görüşün olmayacağını əvvəlcədən elan etdiyini deyir.

Nazirliyin pandemiya dövründə şəxsi heyətlə görüşünü qadağan edən əmrinin açıq şəkildə mətbuatda paylaşılmasının tərəfdarıyam. Həmin ərazidən əldə etdiyim şəxsi bilgilərə görə, eyni hərbi hissə 31 iyul tarixində saat 13:00-da qadağan olunmasına baxmayaraq, şəxsi heyətin gənc əsgərlərdən ibarət bəzilərinin valideynlərlə görüşünə şərait yaradılıb.

Bunu törədən insanların sərt şəkildə cəzalanmasını, lakin bundan əvvəl görüşə şərait yaradan rəhbər vəzifəlilərin də xəbərdar edilməsini uyğun hesab edirəm. Çünki görüş qadağandırsa, bu hər kəsə aiddir və əmr ləğv olunana qədər qüvvədədir.

Məsələni gözardı edənlər-hərbi hissə rəhbərləri və valideynlər nəzərə almalıdır. Ən yaxşısı odur ki, andiçmə barəsində rəsmi qurumlar elan etdikdə valideynlərə görüş verilib-verilməyəcəyini bir neçə gün əvvəlcədən həmin elanla birlikdə dərc etsinlər. Hamı görüşün mümkün olmadığını əvvəlcədən bilib vəsait və zamanlarını hədər yerə xərcləməsin”.