Qadın zorakılığı artır! - "Qanunlar isə kağız üzərində qalır"

Bakıda 24 yaşlı qız zorlanıb. Hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
Rayon sakini, 1997-ci il təvəllüdlü M.C (ad şərtidir) polisə müraciət edərək, Fərid adlı qonşusu tərəfindən zorlandığını bildirib. Daxil olan şikayət əsasında araşdırmalar aparılır.

 Hadisəni “Sherg.az”a dəyərləndirən “Müasir Azərbaycan Qadını İctimai Birliyi”nin sədri Kəmalə Muradlı bildirib ki, son illər ölkəmizdə qadınlara qarşı zorakılıq artmaqda davam edir:
Onun sözlərinə görə, belə halların qarşısını almaq üçün nə qədər qurumlar, təşkilatlar yaradılır, qanunlar qəbul edilir. Amma bütün bunlar kağız üzərində qalır:

“Heç kim belə hadisələrə nəzarət etmək istəmir. Düşünürəm ki, monitorinqlər keçirmək lazımdır. Qanunların yerlərdə necə icra olunduğuna nəzarət edilməlidir.
Təbii ki kişilərin zorakılığına qarşıyam. İnsanlara zorakılıq tətbiq etmək olmaz. Nə kişiyə, nə də qadına vəhşilik göstərmək düzgün deyil. Bunların qarşısını almaq üçün dövlətimiz qanunlar qəbul edib.
Lakin heç kəs bu qanunlara nəzarət etmir. Maarifləndirmə yolu ilə insanları düz yola çəkməliyik”.