“İntihar heç vaxt birdən-birə olmur” – Səbəblər sadalandı...

Gəncə şəhərində gənc oğlan intihar edib. Şəhər sakini, 19 yaşlı F.Allahverdiyev yaşadığı evin yataq otağında özünü asaraq intihar edib. İntiharın səbəbi məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb. Təəssüf ki, son vaxtlar yeniyetmə və gənclər arasında oxşar hallar artmaqdadır. Onlar özlərinə sui-qəsdi sanki adi hal kimi baxırlar. Bu, əlbəttə, ciddi məsələdir. Deməli, SOS siqnalı çalmağın vaxtıdır.

 Psixoloq Sənubər Nəzərova intihar halları barədə “Sherg.az”a danışdı:

“İntihar meylləri əslində hər birimizdə var. Sadəcə bu, kimisində bir az çox, kimisində azdır. Hər birimiz həyatda ən azı bir dəfə “Kaş ki, ölərdim” demişik. Lakin elə adam olur ki, o, ani qərar verərək intihar edir. Psixoloji immunitetə malik insanlar isə bu vəziyyətdən çıxa bilirlər. Özünəqəsdin müxtəlif səbəbləri ola bilər- sosial, alturistik, psixoloji, bioloji, genetik və s.”.

 S.Nəzərovanın sözlərinə görə, intiharın yeniyetmə və gənclər arasında kütləviləşməsi təsadüfi deyil: 

“Çünki bu yaş qrupunda olanlar əksər çətinliklərlə ilk dəfə qarşılaşırlar və nə edəcəklərini bilmirlər. Qaçış yolu kimi isə intiharı seçirlər. Bu, həm də devyant davranışlarla, yəni qəbul olunmuş normalardan kənara çıxmalarla bağlıdır. Yeniyetmə və gənclər adətən bu yaş dövründə sosiallaşır, yeni insanlar tanıyırlar. Beləliklə, onların davranışlarında yeniliklər olur. Bəziləri müxtəlif neqativ vərdişlərə əl atırlar. Sonra da düşdükləri durumdan çıxa bilmir və intiharı seçirlər”.

O,həmçinin çıxış yolundan da söz açdı:

“İntihar heç vaxt birdən-birə olmur. Bunu düşünən insan ətrafdakılara nə isə hiss elətdirir. Ünsiyyətdən qaçış, özünəqapanma, depressiya, tənhalığa meyillilik, səliqəsizlik, baş verən proseslərə etinasızlıq, vida xarakterli sözlər, sevdiyi əşyaları kiməsə hədiyyə etmək və s. intihara meyilliliyin əlamətləridir. Fəqət, biz bəzən bunun fərqinə varmırıq. İntihara meyilli şəxslərdə müxtəlif iradi keyfiyyətlər formalaşdırılmalıdır. Onda gələcək perspektivə inam, yaşama məsuliyyəti, optimist düşünmə vərdişi aşılanmalıdır. Adətən insanlar özlərini asaraq, dərman ataraq intihar edirlər. Bunu da filmlərdən, internetdən öyrənirlər. Fikir versəniz görərsiniz ki, adamlar bir neçə dəfə intihar cəhd edir, ilk mərhələlərdə özlərini buna hazırlayırlar”.