Sel fəlakətinin qəhrəmanı...


Ergün divarı dağıdıb uşaqları və ailəni boğulmaqdan qurtarıb

Türkiyənin Bartın bölgəsində sel fəlakətindən əziyyət çəkənlərə dövlət dəstəyi veriləcək. Onlardan biri də Ergün ailəsidir. Ailə başçısı Erdem Ergün sel zamanı ailə üzvlərini divarı gürzlə parça-parça edərək sel suları arasında boğulmaqdan qurtarıb. Bu barədə E.Ergün yerli mediaya danışıb. Bartın bölgəsində şiddətli yağış ardınca sel gətirib. E.Ergün ailəsinin yaşadığı 3 mərtəbəli evin zirzəmisini də su basıb. Həmin vaxt Erdem evin ikinci mərtəbəsində imiş. Yaxınlıqdakı çayxanada olan atasının səsini eşidib. Atası onu çağıraraq, “tez ol, ahırı su aparır” , deyə qışqırıb. E.Ergün tələsik aşağı enib, ahırdakı  heyvanları xilas edib. Bu zaman evin yuxarı mərtəbəsində su borusu partlayıb. Mənzildə olan anası, böyük qardaşı və gəlinləri, 3 uşaq sular arasında çarəsiz qalıblar. E.Erdem evin divarını gürzlə necə dağıtdığını belə anladıb: “Təhlükə artırdı, uşaqlar çığırışırdılar. Bir anlıq düşündüm ki, gecikməməliyəm. O anda Allah köməyimə yetdi. Evin zirzəmisinə endim, gürzü əlimə alıb divara vurmağa, divarı sökməyə başladım. Birinci, uşaqları ordan çıxardım. Su zirzəmiyə də dolmağa başlamışdı. Sinəmə qədər qalxmışdı. Yer qırılmış daş parçaları ilə dolu idi. Onların üzəri ilə uşaqları 3-cü mərtəbəyə çıxardım. Ev uçulmasın deyə dualar edirdik, ev uçulsaydı, hamımız selə qərq olacaqdıq... O gürzü hardan tapdım, o divarı necə qırıq-qırıq etdim, heç nə yadımda deyil. Orada mənə bir güc və səbir gəldi. Allah qüvvət verdi. Uşaqlar çox qorxdu. Yuxarı çıxdıq, aşağıda baş verənlərə baxdıq. Elektrik naqilləri yanırdı. Hər tərəf alov topuna dönmüşdü. Ağacları sel qabağına qatıb aparırdı. İki ev arasından  sel axırdı. Çox böyük dəhşət yaşadıq. Amma, şükür, salamatıq, həyatdayıq”.  Daha sonra Türkiyənin fövqəladə hallar qurumu AFAD-dan ailəyə kömək gəlib. Lazımi işlər görülüb. 35 yaşlı Erdem Ergün divarı çaparkən yaralandığı üçün xəstəxanaya aparılıb. Həkimlərin müayinə və müalicəsindən sonra evinə dönüb.