Ağstafada səkkiz yaşlı qızı ögey anası döyüb? - FOTO

Sosial şəbəkələrdə Ağstafa rayonunda ögey anası tərəfindən işgəncələrə məruz qalmış səkkiz yaşlı qızla bağlı görüntülər yayılıb.

Görüntülərdə azyaşlının anasının vəfatından sonra qardaşı ilə birgə Səadət adlı ögey anasının himayəsində qaldığı deyilir. Qızcığaz analığının onları döydüyünü, şiddət göstərdiyini bildirir. O, bədənində çoxsaylı işgəncə izlərini göstərərək hamısının analığı tərəfindən edildiyini iddia edir: “Ürəyim bulandı, qusdum. Ona görə məni döydü. Həmişə döyür”.

Yayılan məlumatda həmçinin azyaşlıların nənəsi tərəfindən işgəncə faktının araşdırılması üçün Ağstafa Rayon Polis Şöbəsinə müraciət edildiyi, araşdırmanın uzadılması bildirilir.

“Qafqazinfo” faktla bağlı Ağstafa Rayon İcra Hakimiyyətinə (RİH) müraciət edib. RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova bildirdi ki, hazırda bu məsələ ilə bağlı Ağstafa rayon polis şöbəsində araşdırma aparılır: “Araşdırma yekunlaşandan sonra məlumat veriləcək”. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov isə sorğusuna cavab olaraq bildirib ki, iki gün əvvəl uşaqların nənəsi Zəminə Həsənova tərəfindən DİN-in 102 zəng xidmətinə, daha sonra Ağstafa Rayon Polis Şöbəsinə ərizə ilə müraciət olunub. Ərizədə qeyd olunub ki, vəfat edən qızının uşaqlarına ögey anası tərəfindən fiziki zorakılıq göstərilib: 

“Müraciətlə əlaqədar dərhal araşdırma başladılıb. Qarşı tərəf, qadının özü, hətta uşaqlar da dəvət olunub və tərəflərin izahatları alınıb. Polisdən şikayətçiyə bildirilib ki, hadisə ilə bağlı tibbi ekspertizanın aparılması üçün nənənin ərizəsi lazımdır. Ekspertiza əsasında xəsarətin növü müəyyən olunmalı və araşdırma davam etdirilməlidir. Nənə isə heç bir şikayətinin olmadığını, uşaqlarını götürmək üçün belə etdiyini və nəvələrini götürərək Gəncə şəhərinə getdiyini bildirib. 

Lakin bütün bunlara baxmayaraq, hazırda Ağstafa Polis Şöbəsində araşdırma gedir. Yəqin ki, tezliklə məhkəmə-tibbi ekspertizası keçiriləcək. Digər aidiyyəti qurumların əməkdaşları da dəvət olunacaq və nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.