Beləsi heç olmamışdı! - Qarşısındakı adamın boynundakı xalı görüb, xərçəng xəbərdarlığı etdi


Sağlığına qovuşan nəzarətçi əvəzində tibb tələbəsinin təhsil haqqını qarşıladı

Hadisə ABŞ-da baş verib. Tibb təhsili alan Nadia Popoviç azarkeşlik etdiyi “Seattle Kraken” hokkey komandasının oyununu izləməyə getdiyi idman sarayında bir nəfəri real ölüm təhlükəsindən xilas edib. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, oyunu izlərkən qarşıda dayanmış təhlükəsizlik əməkdaşı Brian Hamiltonun boynundakı xal tələbə qızın diqqətini cəlb edib. Tələbə bunun təhlükəli xəstəliyin əlaməti ola biləcəyindən ehtiyatlanıb. Tribuna ilə oyun meydançası arasında şüşə baryer olduğundan əməkdaşa bu barədə necə xəbər verəcəyini düşünüb,  nəhayət öz mobil telefonuna  “boynunuzdakı xal xərçəng əlaməti ola bilər. Lütfən, həkimə müraciət edin” mesajını yazıb və telefonun ekranını şüşəyə doğru çevirib.

Xoşbəxtlikdən Hamilton bunu fərq edib. Mesajı oxuyub. Və buna ciddi yanaşmalı olduğuna qərar verərək həkimə gedib. Həkim Hamiltona “zamanında gəlmisiniz. 

Bu xal “melanoma” adlanan dəri xərçənginin əlamətidir. Yaxşı ki, tez müraciət etdiniz. Geciksəydiniz, nəticə ağır olardı” deyib.  

Hamilton əməliyyat olunub, müalicə alıb. Həyatı üçün real təhlükəni arxada qoyan Hamilton onu bu bəladan xilas edən xanıma təşəkkürünü çatdırmaq istəyib, lakin onu necə tapacağını bilməyib. Sonra sosial mediada hadisə barədə yazıb. Bununla tələbə qızı tapa bilib. Tələbəni yenə hokkey oyunu izləməyə dəvət edərək onunla söhbət etmək istədiyini deyib. Nadia Popoviçlə görüşən B.Hamilton ona təşəkkür əlaməti olaraq təhsil xərclərini qarşılamağı üzərinə götürüb.   

Tibb mütəxəssisi, dermatoloq Melda Özekinci dəridə əmələ gələn xallara etinasız yanaşmamağı tövsiyə edir. Xüsusilə xallar 35 yaşdan sonra görünməyə başlayırsa, buna ciddi yanaşılmalı və həkimə müraicət edilməlidir. “Hər kəsdə rastlanan qəhvəyi rəngli ləkələr dərinin üst təbəqəsində epiderm hüceyrələrinin çoxalması nəticəsində meydana gəlir. 

Burada genetika, immunitetin zəifləməsi, günəş şüalarına çox məruz qalmaq, dərinin ağlığı və qadın cinsinə mənsubluq amilləri rol oynayır.  Xalların olması, əlsində normaldır. Lakin bəzi xallar təhlükəli ola bilər. Xüsusən 35 yaşdan sonra dəridə əmələ gələn xallara, ləkələrə  etinasız yanaşmaq olmaz. 

Çünki xallar adətən insanda 30 yaşına qədər çoxalır. 30 yaşdan sonra isə azalmalıdır. Əgər xallar, ləkələr böyüyürsə, kənarları səliqəsizdirsə, rəng dəyişikliyi baş verirsə xərçəng təhlükəsi daşıya bilər. 

Bu halda mütləq həkimə müraciət edilməlidir. M.Özekinci xalların qoparılmamasını da xüsusi vurğularıb: “Bu, infeksiyaya yol açar və vəziyyəti daha da ağırlaşdırar”. Kimsə xallardan xilas olmaq istəyirsə, estetik cərrahlara  müraciət etməlidir. 

Boyun və beldəki xallar geyimlər səbəbindən daha çox sürtündüyü üçün təhlükə daha da artır. Xallar götürüldükdə isə mütləq analiz olunmalıdır.