Bakının şərtləri ağırlaşa bilər

Hadisələrin inkişafı Ermənistanı sürətli qərarlar qəbul etmək məcburiyyətində buraxır

"İndi rəsmi İrəvan Azərbaycanla dərhal sülh danışıqlarına başlamaqda maraqlı olduğunu hər imkanda təkrarlayır"

   Ermənistana təqdim edilən 5 prinsip beynəlxalq hüququn normalarını əks etdirir. Bunu Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunu qəbul edərkən deyib. Dövlət başçısı vurğulayıb ki, bu prinsiplər qarşılıqlı olaraq ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının tanınması, sərhədlərin delimitasiyasıdır: “Bunun əsasında Qafqaza sülh gələcək. Biz bunu istəyirik. Cənubi Qafqazın üç ölkəsi arasında Cənubi Qafqazda fəal əməkdaşlıq üçün potensialın olduğunu görürük və hesab edirəm ki, bu, nəinki bu ölkələr üçün, daha geniş region üçün önəmli olacaq. Əlbəttə ki, bütün bu məsələləri çox ehtiyatla və vaxtında həll etmək lazımdır”. 

Ölkə rəhbəri bəyan edib ki, mümkün olduğu qədər qısa müddətdə sülh sazişi imzalanmalıdır: “Azərbaycanla Ermənistan arasında münasibətləri nizamlamaq vaxtıdır. Bizə Ermənistan rəsmiləri tərəfindən müəyyən mesajlar daxil olur. Bu yaxınlarda mənə verilən məlumata görə, bu mesajlardan biri də ondan ibarətdir ki, onlar bizim təklifimizi məqbul hesab edirlər. Bu çox yaxşı xəbərdir və ümid edirəm ki, Brüsseldəki görüşdə bu məsələyə daha çox aydınlıq gətiriləcək”.
Dövlət başçısının növbəti dəfə Ermənistana sülh çağırışını “Şərq”ə dəyərləndirən politoloq Elçin Xalidbəyli deyib ki, Cənubi Qafqazdakı hərbi-siyasi gərginliyin bu regionda geopolitik proseslərə də təsir göstərə biləcəyi qətiyyən istisna deyil. Analitikə görə, hazırda situasiyanın Ermənistanın əleyhinə olduğu da açıq-aşkar nəzərə çarpır: “Rusiya Ukrayna savaşında məğlub duruma düşərək, hərbi-siyasi təsir gücü baxımından sürətlə zəifləyir. Digər tərəfdən Rusiyaya qarşı tətbiq olunan beynəlxalq sanksiyalar bu nəhəng dövləti maliyyə-iqtisadi böhrana doğru sürükləyir. Bütün bunlar Kremlin MDB məkanında, o cümlədən də, Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərə təsir imkanlarını məhdudlaşdırır.

Eyni zamanda, Ukrayna savaşı və Rusiyaya tətbiq olunan sanksiyaların ilkin nəticələri Azərbaycanın geopolitik əhəmiyyəti ilə yanaşı, Avropa dövlətləri üçün də önəmini artırır. Çünki hazırda Avropa dövlətlərinin enerji resurslarına olan ehtiyacları böhranlı həddə çatmaqdadır. Rusiya enerji resurslarından ciddi şəkildə asılı olan Avropa dövlətləri üçün Azərbaycan indi bu sahə üzrə ən önəmli alternativ qaynaqlardan hesab olunur. Yəni çox tezliklə Rusiya Cənubi Qafqaz üzərində təsir gücünü böyük ölçüdə itirməsinə paralel olaraq, Azərbaycan Avropa dövlətləri üçün enerji resursları sahəsində strateji tərəfdaşa çevrilə bilər. Bu halda Avropa Birliyi məkanında “erməni faktoru”nun Azərbaycanın enerji resurslarının strateji əhəmiyyətinin kölgəsində qalacağı qətiyyən şübhə doğurmur”.

Siyasi şərhçiyə görə, hadisələrin belə inkişafı Ermənistanı sürətli qərarlar qəbul etmək məcburiyyətində buraxır: “İndi rəsmi İrəvan Ermənistanı xilas etmək istəyirsə, vaxt itirmədən Azərbaycanla yekun sülh sazişini imzalamağa çalışmalıdır. Əks halda Ermənistan həm Türkiyənin, həm də Azərbaycanın artan gücü qarşısında uzun müddət davam gətirə bilməyəcək. Əslində, bu reallığı Ermənistan siyasi dairələrində də anlamağa başladıqları müşahidə edilir. İndi rəsmi İrəvan Azərbaycanla dərhal sülh danışıqlarına başlamaqda maraqlı olduğunu hər imkanda təkrarlayır. Paşinyan hakimiyyəti anlayır ki, əgər bu məsələdə gecikmə olarsa, rəsmi Bakının yaxın gələcəkdə yarana biləcək yeni situasiyaya uyğun olaraq şərtləri də ağırlaşa bilər. Rəsmi İrəvanın son vaxtlar Azərbaycanın yekun sülh sazişinin imzalanması üçün təklif etdiyi beş şərtin Ermənistan üçün məqbul olduğunu vurğulaması da bununla birbaşa bağlıdır. Məsələ ondadır ki, rəsmi Bakının beş şərti birmənalı şəkildə beynəlxalq hüquq normaları çərçivəsində hazırlanıb. Həmin şərtlər əsasən, qarşılıqlı olaraq, ərazi bütövlüyünün tanınmasını, ərazi iddialarından imtina edilməsini, sərhədlərin delimitasiya və demarkasiya prosesində beynəlxalq hüquqa əsaslanmağın vacibliyini və s. nəzərdə tutur. Təbii ki, bütün bu şərtlər Ermənistanın da maraqlarına uyğundur. Ancaq nə qədər qəribə də olsa, rəsmi İrəvan bir tərəfdən Azərbaycanın beş şərtini qəbul etdiyini bəyan edir. Digər tərəfdən isə həmin şərtlərə əlavə etdiyini, onları ATƏT-in Minsk qrupu həmsədrlərinə göstərdiyini və indi Azərbaycanın cavabını gözlədiyini vurğulayır. Və bunun özü də müəyyən mənada, sülh danışıqları prosesini mümkün qədər qəlizləşdirmək cəhdidir”.

E.Xalidbəyli vurğulayıb ki, Azərbaycanın beş şərtində sülh danışıqlarını əngəlləyə biləcək heç bir məqam yer almır: 

“Rəsmi İrəvanın həmin şərtlərə etdiyi əlavələrdə mübahisə doğuracaq və danışıqlar prosesini uzada biləcək iddiaların olduğu da qətiyyən istisna deyil. Üstəlik, rəsmi İrəvanın öz cavabını və əlavələrini Minsk qrupu həmsədrləri üzərindən Azərbaycana göndərməyə çalışması da kifayət qədər müəmmalı məqamdır. Çünki Minsk qrupu həmsədrlərinin sülh danışıqları prosesinə vasitəçilik missiyasını öz üzərinə götürmək səlahiyyəti yoxdur. 44 günlük savaşın nəticələri bu qurumun hətta fəaliyyətinə ehtiyac qalmadığını da təsdiqləyib. Bütün bunları nəzərə aldıqda, Paşinyan hakimiyyətinin sülh danışıqları prosesinə konstruktiv mövqedən yanaşdığını düşünmək hələ çox çətindir. Çünki rəsmi İrəvan bir tərəfdən Azərbaycanın şərtlərini qəbul etdiyini və sülh danışıqlarına hazır olduğunu bəyanlayır. Digər tərəfdən isə bu prosesi qəlizləşdirə biləcək alternativ addımlar atmağa çalışır. Bu baxımdan, Paşinyan hakimiyyətinin Ermənistanın xarici himayədarlarından danışıqlar prosesində dəstək qarantiyası almadan sülh müqaviləsinin imzalanmasına həvəs göstərəcəyi o qədər də inandırıcı görünmür. Böyük ehtimalla rəsmi İrəvan son 30 il ərzində Minsk qrupu həmsədrlərinin sayəsində vərdiş etdiyi danışıqlar modelinə can atır. Ancaq rəsmi Bakının Ermənistana növbəti dəfə 30 illik danışıqlar şansı tanıyacağı qətiyyən inandırıcı görünmür. Yəqin ki, dünyada sürətlə baş verməkdə olan dəyişikliklər də tezliklə Ermənistanı danışıqlar masası arxasına oturmağa və məhz Azərbaycanın beynəlxalq hüquqa əsaslanan beş şərti çərçivəsində yekun sülh sazişi imzalamaq məcburiyyətində buraxacaq”.