Yanğınların böyük əksəriyyəti insan faktoru ilə bağlıdır
"Yaxşı olardı ki, meşə ərazilərinə giriş hissələrində xəbərdarlıq lövhələri daha çox təşkil edilsin. İnsanları maksimum məlumatlandırmaq lazımdır"
Son günlər, havalar hələ tam istiləşməmiş meşə yanğınlarının qeydə alınmasına şahid oluruq. İki gün əvvəl Qəbələdə, daha sonra Oğuzda baş verən yanğın hadisələri də bunun göstəricisidir. Bu nə deməkdir? Evlərdə istilik sistemləri işləyir. Lakin artıq meşə yanğınları baş verir. Demək ki, təhlükənin növbəti aylarda xeyli artacağı ehtimalı böyükdür. İstilərin düşməsi ilə yanaşı təbii ki, insanların məsuliyyətsizliyi, biganəliyi də bu problemlərin yaranmasında rol oynayır. Əsasən yay aylarında insanlar meşələrə istirahətə gedirlər, pikniklər, oyunlar, gəzintilər təşkil olunur. Orada tonqal qalayırlar, günün sonunda isə odu söndürmədən ərazini tərk edirlər. Nəticədə təbiətə zərər dəyir.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, nazir müavini yanğın hadisələrinin baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarları, fermerləri, meşə ətrafında yaşayan kənd sakinlərini, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşları odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə, biçindən sonra sahələrə od vurmamağa, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğına şərait yaradan bütün hallara qarşı birgə mübarizəyə çağırıb.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Şərq"ə açıqlamasında bildirib ki, meşə yanğınlarının böyük əksəriyyəti demək olar ki, insan faktoru ilə bağlıdır:
"Təhlükəsizlik qaydalarına riayət etmədən, məsuliyyətsiz davranış sərgiləyirlər. Orman ətrafında istirahət zamanı, pikniklərdə açıq oddan istifadə, tonqalın söndüyünə tam əmin olmadan ərazini tərk etmək təbii ki, meşə yanğınları ilə nəticələnəcək. Vaxtında qarşısı alınmadıqda isə təhlükənin miqyasının genişlənməsinə gətirib çıxarır. Beləliklə, həm ekologiyaya, həm insanlara, həm də onların əmlakına ziyan dəyir. Meşə yanğınlarının qarşısını almaq üçün aidiyyəti üzrə qurumlar ormanlıq sahələrdə yaşayan sakinlərə də, orada yerləşən istirahət mərkəzlərinə, otellərə, onların işçilərinə də təlimatlar verilməlidir. Yaxşı olardı ki, meşə ərazilərinə giriş hissələrində xəbərdarlıq lövhələri daha çox təşkil edilsin. İnsanları maksimum məlumatlandırmaq lazımdır".