“2022-ci ildə yaşanan hadisə, 30 il əvvəl 1992-ci ildə Azərbaycan xalqının başına gəlib”
Ukraynanın “qəhrəman şəhəri” Buçada yüzlərlə dinc sakinin Rusiya hərbçiləri tərəfindən qətlə yetirilməsi dünyanı silkələyib. Sözügüdən şəhərdən yayımlanan görüntülər Xocalı faciəsini xatırladıb. Xocalı soyqırımı azərbaycanlıların üçün bir ömür aktuallığını qorusa da, lakin hələ dünya səviyyəsində siyasi-hüquqi qiymət verilməyib.
Elə bu gün Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Buça faciəsini Xocalı soyqırımı ilə müqayisə edib.
“1992-ci ilin Xocalı faciəsindən 2022-ci il Buça qırğınınadək 30 il ötüb. Vaxt keçir, amma dəst-xətt dəyişməzdir...” - deyə diplomat vurğulayıb.
Qeyd edək ki, Ukraynanın Kiyev əyalətində bu günlərdə Rusiya işğalçılarından azad edilmiş Buça şəhərində işğal dövründə öldürülmüş dinc sakinlərin azı 320 nəfər olduğu bildirilir.
Xocalı və Buça qətliamı ilə bağlı "Sherg.az"a danışan Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətovun sözlərinə görə, Ukrayna səfirinin eyniləşdirmə aparmasının arxasında dayanan səbəb Rusiya faktorudur:
"Səfir fikrini hər iki tərəfdə günahsız insanların qətlə yetirilməsinə, kütləviliyin baş verməsinə yönəldib. İstər Ermənistan, istər Rusiya, istərsə də digər dövlətlər fərqi yoxdur.
Cinayətin milliyyətinin olmadığını başa salmağa səy göstərir. Demək istəyib ki, Azərbaycan kimi Ukraynaya da faciə yaşadırlar.
Bununla dünya birliyinə mesaj ötürür. 2022-ci ildə yaşanan hadisə, 30 il əvvəl 1992-ci ildə Azərbaycan xalqının başına gəlib. Sözügedən məsələlər beynəlxalq müstəvidə həllini tapmalıdır.
Görünür, beynəlxalq hüququn prinsipinə əsasən, həm Xocalı, həm də Buça qətliamında ədalətin bərqərar ediləsini gündəmə gətirməyə çalışır.
Çox yaxşı addımdır, Azərbaycan da açıqlamadan lazımi qədər faydalana bilər”.