Taksi sürücüsü qadını döydü! – “Bu şəxslər kollektivdə işləməyi düşünürsə...”



Ötən həftə Bakıda taksi sürücüsü avtomobildə qadını döyüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə iyulun 20-də saat 1 radələrində Qaraçuxur qəsəbəsi ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücünün avtomobilində sərnişin qismində olan qadını döyüb quldurluq yolu ilə içərisində 150 manatı olan pulqabısını talaması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Tərtər rayon sakini İ.Paşayev müəyyən edilərək saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Hadisəyə heç bir haqq qazandırmaq olmaz deyən psixoloq Əfsanə Rüstəmova "Sherg.az"a bildirib ki, bütün sərnişinlər mükəmməl olmadığı kimi, bütün sürücülər də mükəmməl deyil:

"Əgər diqqət etsək görərik ki, təhsil insanları cəmiyyətə faydalı bir şəkildə formalaşdırır. Nəinki ali təhsilli, hətta natamam təhsilli insanları ucuz işçi qüvvəsi kimi görmək onları aqressivləşdirir. Belə insanların işləyəcəyi sahələr də olduqca məhduddur. Bu vəziyyətdə sükan arxasına keçib sürücülük edənlər insanlara aqressivlik nümayiş etdirirlər. Sükan arxasındaykən özü ilə yanaşı, sərnişinin də məsuliyyətini daşımaq gərginliyi artırır. Qeyd edim ki, sürüculərin hamsının kobud olmadığı kimi, sərnişinlərin də hamısı mədəni deyil. Əgər bu şəxslər kollektivdə işləməyi düşünürsə, o zaman toplum da özünü necə aparmağı bilməlidir. Əks halda evindən çölə çıxmamalıdır. Lakin biz bir hadisəni etalon tutub, bütövlükdə bu sektorda çalışan insanları günahladırmamalıyıq. Ümumiyyətlə, insan faktoru olan hər  yerdə problemin olacağını düşünüb, etik davranışlara uyğun addımlar atmalıyıq”.