Lalə Mehralı: "Ən azından həmin həkimi bir müddət həkimlikdən məhrum etməlidirlər"
Lənkəran Regional Perinatal Mərkəzində ana doğuş zamanı ölüb.
Astara rayon Rüdəkənar kənd sakini 1996-cı il təvəllüdlü Elmirə Əhədli 3-cü uşağı dünyaya gətirmək üçün regional mərkəzə aparılıb. Xəstə müayinə olunduqdan sonra 3-cü qeysəriyyə əməliyyatına aparılıb. Əməliyyatdan sonra ana və körpənin vəziyyətləri normal olub. Təqribən bir saatdan sonra hər ikisinin vəziyyəti pisləşib.
Həkimlər körpənin həyatını xilas etsələr də, ana xəstəxanada vəfat edib.
Yeni doğulan körpənin vəziyyəti hazırda ağır qiymətləndirilir.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Sosioloq Lalə Mehralı “Şərq”ə açıqlamasında deyib ki, ana ölümlərində günahı olan həkimlər ciddi cəzalanmalıdır ki, digərlərinə də görk olsun. Gənc ana əməliyyatdan sağlam çıxıb və sonradan vəziyyəti pisləşib. Bu cür faciəvi ölümlərə səbəb həkimlərin səhlənkarlığından çox, onların qeyri-peşəkarlığıdır:
“Çünki qeysəriyyə əməliyyatı zamanı qan laxtalanmaya bilər və ya daxili qanaxma baş verə bilər. Peşəkar həkim xəstəni əməliyyata almamışdan öncə, onu yoxlamalı, baş verə biləcək hər şeyə hazır olmalıdır. Həkimlərin qeyri-peşəkarlığı səbəbindən baş verən ana ölümlərinə görə məsuliyyət daşımağın, cəzalandırılmağın vaxtı çatmayıbmı?! Hazırda ölkədə pasiyentlərin hüquqları qorunmur. Bu sahədə qanunda boşluqlar var. Baxın, insanlar əməliyyata girəndə həkim hökmən bir ərizə alır ki, sənin başına nə oyun gətirsəm də, məsuliyyət bizim üzərimizə düşmür. Yəni hər şeyi pasiyentin üzərinə buraxırlar. Bu isə yolverilməzdir”.
Həmsöhbətimiz qeyd edir ki, doğuş zamanı ana və uşağı öldürən həkimlərlə bağlı SN ölçü götürməlidir. Ən azından həmin həkimi bir müddət həkimlikdən məhrum etməlidirlər: "Hamiləlik arası müddətin azlığı da ciddi problemlərdən biridir. Xüsusilə də keysər əməliyyatı olmuş qadınların bu müddətə fikir verməsi vacibdir. Ən azı 2 il ara ilə hamilə qalmaq vacibdir deyir həkimlər. Amma keysər əməliyyatı yolu ilə ana olan qadın 5-6 aydan sonra bir də hamilə qalır. Hamiləlik yarı olanda əvvəlki əməliyyatda qoyulmuş tikişlər açılır, həm ananın, həm də körpənin həyatına təhlükə yaranır. Yəni bütün hallarda iki yolla məsələdən çıxış var, həm maarifləndirmə, həm də cəzalandırma”.
Sosioloqun fikrincə, ana ölümlərinin qarşısını almaq üçün həm də hamiləliyin sağlam keçirilməsi, problemsiz başa vurulması üçün məlumatlandırmalar aparılmalıdır:
"Bu qədər yazırıq, danışırıq, televiziyada həkimlər tövsiyələr verir, amma hər 10 hamilə qadından yalnız ikisi-üçü qidalanmasına və gündəlik rejiminə diqqət edir. Yerdə qalan hamilələr gününü ya geni dəyişdirilmiş qidalar yeməklə keçirir, ya da "fast-food"la. Üstündən də şəkərli-qazlı sulardan içsələr, məsələ tamamlanmış olur. Demək olar ki, heç bir hamilə qidalanmasına fikir vermir. Bir əlində "çipsi”, bir əlində "Cola” "həkimim deyir piyada gəzmək xeyirdir” deyib axşam gəzintisinə çıxan hamilələr var. O həkim ona yediklərinin zərərli olduğunu da deyir və yaxud heç deməyib, normal savada, məlumata malik olan istənilən qadın bunların zərərli qida olduğunu bilir. Amma həzzindən imtina edə bilmir. Gözü çıxan qardaşdan dərs də almırıq, çünki ölən qadının hamiləliyi boyunca sağlam həyat tərzi keçirməməsi elan edilmir, həkimlər də bu məsələnin fərqinə varmır”.