Taksi sürücüləri günün az qala 16 saatını sükan arxasında əyləşir, yorğun və yuxusuz olurlar
Son zamanlar geniş vüsət almış "Toyota Prius" qəzaları bu model haqqında mənfi fikir formalaşdırıb. "Avtosfer.az"ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsi qəzalarla bağlı açıqlama verib. İdarənin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli bildirib ki, baş verən qəzalarda günah sürücülərdə olur: "Təəssüflər olsun ki, qeyri-peşəkar sürücülərin qaydaları pozması nəticəsində qəzalar baş verir. Eyni zamanda taksi şirkətləri bu modeldən geniş istifadə edir. Yol polisi dəfələrlə sənədsiz, spirtli içki və narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücüləri aşkar edib. Nəticədə qəzalar qaçılmaz olur". Polis kapitanı onu da əlavə edib ki, "Toyota Prius" idarə edən kifayət qədər təcrübəli sürücülər var. Lakin araşdırmalar onu deməyə əsas verir ki, daha çox peşəkar olmayan şəxslər bu avtomobillərin sükanı arxasına əyləşir".
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Şərq”ə açıqlamasında qeyd etdi ki, aparılan araşdırmalar yol-nəqliyyat qəzalarının əsasən 3 səbəbdən baş verdiyini təsdiqləyir:
- Biz uzun illər bu sahədə araşdırma, təhqiqat aparmışıq. Məlum olur ki, yol-nəqliyyat qəzalarına səbəb olan amillər sırasında birinci yerdə yol iştirakçıları – sürücülər və piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasıdır. İkincisi, yol infrastrukturunun qeyri-münasibliyi (işıqlandırma, yollardakı çala-çuxurlar və sair), üçüncüsü isə nasaz avtomobillərdir. Yol-nəqliyyat qəzalarının baş verməsi avtomobil markasından asılı deyil. Paytaxtda yol hərəkəti qaydalarını pozanlar həm təcrübəli sürücülərdir, hansı ki bilərəkdən qaydaları pozurlar, həm də yol hərəkəti qaydalarını bilməyən təcrübəsiz sürücülərdir.
E.Cəfərov bildirdi ki, "Toyota Prius" markalı avtomobillərdən daha çox taksi xidmətində istifadə edilir:
- Taksi xidmətindən hazırda əhali razıdır. Taksi xidməti həm ucuzdur, həm də sərnişinlər taksilərə tıxaclardan “xilas yolu” kimi baxır. Səhər və axşam saatlarında taksi sifariş edib işə getməyi saatlarla tıxacda qalmaqdan üstün tuturlar. Amma bu xidmətin, əslində keyfiyyətsiz olduğunun fərqinə varmırlar. Bu gün taksi xidmətinin səviyyəsi çox aşağıdır. Çağırışlar, ünvanın müəyyənləşməsi üçün sürücülər smartfonlardan istifadə edir, naviqatorla hərəkət edirlər, bu isə sürücünün diqqətinin yayınmasına səbəb olur. Taksi sürücüsünün yaş həddi 21-dən, sürücülük təcrübəsi isə 2 ildən az olmamalıdır.
Taksi sürücüləri günün az qalsın 16 saatını sükan arxasında əyləşir, yorğun və yuxusuz olurlar. Bu da qəzaların baş verməsini şərtləndirir.