Əhməd Obalıya və Türk evinə edilən hücum planlıdır

Vaşinqton hökuməti antitürk qüvvələrin, fürsət gözləyən terrorçu təşkilatların fəaliyyətinə göz yumur

“Amerikada yaşayan türklər, güneyli soydaşlarımız daha diqqətli olmalıdır və qətiyyən öz mövqelərindən geri çəkilməməlidir”


  Mayın 21-də Kaliforniya ştatında vəhşicəsinə döyülən Güney Azərbaycan Televiziyasının (Günaz TV) qurucusu, ABŞ-də mühacir həyatı yaşayan güneyli milli fəal Əhməd Obalı və oğlu Dəniz Obalı baş-boyun nahiyəsindən əməliyyat olunublar. Vəziyyətləri orta-ağır qiymətləndirilir. Güneyli milli fəalın oğlu Dənizin vəziyyətinin daha ağır olduğu deyilir. Həm Ə.Obalı, həm də oğlu Dəniz əl və ayaqlarını hiss etmir. 

Ə.Obalının ciyərlərindən aldığı ağır zərbələrə görə həkimlər onun danışmasına hələ ki, icazə vermir. Ekspertlərin fikrincə, planlı hazırlanan hücumda məqsəd Əhməd Obalını öldürmək olub. ABŞ-də belə hadisələr tez-tez baş verir, xüsusilə Kaliforniyada. Bu mənada Əhməd Obalı və oğlu Dənizin döyülməsi də ilk baxışdan sadə hadisə kimi görünə bilər, lakin məsələnin pərdəarxası məqamlarının olduğu aydındır. Əhməd Obalı və ailəsi ABŞ vətəndaşlarıdır. Onun uzun illər mühacir həyatı yaşamasına səbəb isə İranın fars molla rejiminə qarşı mübarizə aparmasıdır. Onun bu mübarizəsi, şübhəsiz ki, kifayət qədər düşmən qazandırıb. Təsadüfi deyil ki, molla rejimi onu “şeytan” adlandırır. Bu arada ABŞ-də Birləşmiş Millətlər Təşkilatı ilə üzbəüz yerləşən Türk Evinə də hücum edilib, pəncərələrin şüşələri sındırılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ Evi Nyu-Yorkdakı Türk evinə hücum edən “terrorçunun” tapılmasına çağırıb. Türkiyə lideri hadisə ilə bağlı lazımi tədbirlərin görülməsini də tələb edib: "Avropada işlərin getdikcə pisləşdiyini görən PKK seçicilərə hücum etməyə başlayıb". Ərdoğan Türk evinin təhlükəsizliyinin Vaşinqton hökumətinə həvalə edildiyini xatırladıb.

  Türkoloq-alim, BütövAzərbaycan Ocaqları İctimai Birliyinin sədr müavini Faiq Ələkbərli "Şərq"ə açıqlamasında bildirib ki, Əhməd Obalıya və onun oğluna qarşı törədilən terror hadisəsi təsadüfi ola bilməz. Ekspertin sözlərinə görə, eyniylə Nyu-Yorkdakı Türk evinə edilən hücum da məqsədyönlü və planlıdır:

 "ABŞ kimi bir dövlət bu məsələlərdə biganəliyə, laqeydliyə yol verə bilməz. Düzdür, Amerikada, xüsusən Kaliforniyada çoxsaylı cinayətlər baş verir. Qətl hadisələri, hücumlar əsasən oğurluq, soyğunçuluq məqsədi ilə törədilir. Ancaq türklərə, güneyli soydaşlarımıza qarşı baş vermiş hücumlar siyasi olmaqla yanaşı, fərqli xarakter daşıyır. Görünür, Vaşinqton müəyyən məsələlərə göz yumur, siyasi terrora önəm vermir. PKK, ASALA və digər terrorçu təşkilatların ABŞ-də fəallaşmasının, türklərə qarşı hücuma keçməsinin arxasında siyasi səbəblər var. Türk millətinə qarşı ciddi problemlərin ortaya çıxmasını görürük. ABŞ-nin türk dünyasına olan münasibəti dəyişib. Şübhəsiz, belə bir qərəzli münasibətin formalaşmasında Türkiyənin güclənməsinin, türk dünyasının inkişafının və xüsusən prezident R.T.Ərdoğan faktorunun mühüm rolu var. Vaşinqton türk dünyasının güclənməsindən narahatdır. Daha doğrusu, Amerika türk birliyinin Ağ Evin nəzarətindən kənar formalaşmasının əleyhinədir".

  F.Ələkbərli vurğulayıb ki, Vaşinqton hökuməti ölkədə türklərə qarşı baş verən təzyiqlərə göz yummaqla bir növ Türk Dövlətləri Təşkilatına mesaj göndərir: 

"Onların iradəsindən kənarda formalaşan türk birliyinə dəstək vermədiyini diqqətə çatdırır. Ona görə də anti-türk qüvvələrin, fürsət gözləyən terrorçu təşkilatların fəaliyyətinə göz yumur. O baxımdan Amerikada yaşayan türklər, güneyli soydaşlarımız daha diqqətli olmalıdır və qətiyyən öz mövqeyimizdən geri çəkilməməliyik. Məqsədimiz hansısa "super güc"ün maşasına çevrilən yox, tam müstəqil Türk Dövlətləri Təşkilatı formalaşdırmaqdır. Bənzər hadisələrin təkrar başvermə ehtimalını nəzərə alaraq mümkün qədər ayıq-sayıq olmalıyıq.

  Türkiyə prezidenti ilə yanaşı, digər türk respublikalarının rəhbərləri, o cümlədən TDT da Vaşinqtona çağırış etməlidir".