Zabratda dəmir yoluna çıxan qadını qatar vurub

Bu gün saat 19:18-də Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən sürət sərnişin qatarı Zabrat sahəsində hərəkətdə olarkən bir qadın qəfil qatarın yoluna çıxıb.

APA xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.

Qeyd olunub ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağrılsa da, həmin şəxs aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.

"ADY mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir və bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır”, qurumun məlumatında deyilir.