Çaqqallar kəndlilərin xiyar bostanını viran qoyub


  Ayıların bala, meşə fındığına tamah saldığı məlum idi, amma çaqqalların xiyar “sevdası” indiyədək görünməmişdi.  "Sherg.az" “AHaber”ə istinadən xəbər verir ki, Türkiyənin Amasya bölgəsindəki Aksalur kəndində bostançılıqla məşğul olan kəndlilərin başı dərddədir. 

Min-bir əziyyətlə becərdikləri bostanda tərəvəzlərin, xüsusən də xiyar tağlarının hansısa canlı tərəfindən viran qoyulduğunu, meyvələrin didilib töküldüyünü görən kəndlilər gecələr növbə ilə keşik çəkməyə başlayıb. Bostana hansısa heyvanın ayaq açdığından şübhələnən fermerlər mobil telefonlarının kamerasını da açıq qoyaraq dəvətsiz qonağın kimliyini kameranın yaddaşına salmağa çalışıblar. Ulaşma səsindən “qonağın” çaqqallar olacağını təxmin ediblər. Təxminləri düz çıxıb. Gecənin qaranlığında bostana daraşan çaqqallar tağlardakı xiyarları qoparıb dişləməyə başlayıblar. Vəziyyətdən çıxmaq üçün kəndlilər əvvəlcə ətrafa çiy ət parçaları səpələyib. Bostanların ətrafına məftil, zənglər düzüblər. Lakin bunların heç biri fayda verməyib. Fermerlər yerli orqanlara müraciət edib. Amma hələ də köməyə gələn yoxdur. Fermer Şərəf Ürkər deyib ki, əziyyətlə yetişdirib satışa çıxarmağa hazırlaşdıqları tərəvəzləri çaqqallar məhv edir. 3-4 çaqqal eyni anda bostana hücum çəkir. Onlarla bacara bilmirlər. Zərərləri getdikcə böyüyür: “Çarə ona qalıb ki, çaqqallara “çaqqal “qardaş” yaxamızı burax, bzidən əl çək”, - deyə müraciət edək.