Hondurasda ölən məhbus qadınların sayı 40 nəfəri ötüb - YENİLƏNİB

Hondurasın Fransisko Morazan departamentinin "Cefas" Qadın Sosial Uyğunlaşma Mərkəzində “Mara Salvatrucha” və “Barrio” cinayətkar dəstələrinin üzvləri arasında baş verən toqquşmada ölən məhbus qadınların sayı artıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, hadisə nəticəsində 41 nəfər həlak olub. Belə ki, ən azı 25 məhbus qadın həbsxanadakı otaqlara salınıb və yandırılaraq öldürülüb.

Honduras prezidenti Siomara Kastro dəhşətli qətldən sarsıldığını bildirib və bunun hüquq-mühafizə orqanlarının “tam gözü qarşısında və razılığı ilə” baş verdiyini vurğulayıb.

Siyasətçi həlak olanların ailələri ilə həmrəy olduğunu bildirib, təhlükəsizlik nazirini və prokurorluğun təftiş komissiyasının rəhbərini izahat almaq üçün çağırıb və Cefasda baş vermiş insidentlə bağlı kəskin tədbirlər görəcəyini vəd edib.

01:18
Hondurasın Fransisko Morazan departamentinin "Cefas" Qadın Sosial Uyğunlaşma Mərkəzində “Mara Salvatrucha” və “Barrio” cinayətkar dəstələrinin üzvləri arasında toqquşma baş verib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, toqquşmalarda 32 məhbus öldürülüb.

Belə ki, ən azı 25 qadın hamamda yanaraq, daha 7 nəfər bıçaq xəsarətlərindən dünyasını dəyişib.

Qeyd olunub ki, dəstə üzvləri bir neçə rəqib qadını bağlayıb və modulları yandırıblar.

Eyni zamanda, hakimiyyət orqanları insident qurbanlarının sayı ilə bağlı məlumatı təsdiqləməyib. Lakin təhlükəsizlik nazirinin müavini Semma Villanueva həbsxanada fövqəladə vəziyyət elan edib.