Gecələr yuxularını qaçırır: Bill Qeyts gözlənilən iki böyük fəlakəti açıqladı 

“Microsoft”un qurucusu amerikalı milyarder Bill Qeyts "gecələr yuxusunu qaçıran iki böyük fəlakət" ssenarisini açıqlayıb. 

“Sherg.az” xəbər verir ki, Amerikalı iş adamı son bir neçə onillikdə ictimaiyyəti gözlənilən iqlim fəlakətlərindən tutmuş dağıdıcı kiberhücumlara qədər böyük fəlakətlər barədə xəbərdar edib.

“CNBC Make It”-ə verdiyi son açıqlamasında Qeyts ən çox qorxduğu ssenarilərə toxunub və "Bugünkü dünyada çox iğtişaşlar "böyük müharibəyə" səbəb ola bilər" deyib və belə davam edib:

“Əgər böyük müharibədən qaçsaq… Sonra, bəli, yəqin ki, növbəti 25 ildə başqa bir pandemiya olacaq.”

Çıxışında ABŞ-ı da tənqid edən Qeyts, "Dünyanın liderlik edəcəyini və model olmasını gözlədiyi ölkə bu gözləntilərdən geri qaldı" deyə vurğulayıb.

Alimlər pandemiyaları zamanla mümkün, hətta qaçılmaz reallıqlar kimi görürlər. Araşdırmalar pandemiyaların iqlim dəyişikliyi və əhali artımı kimi faktorlara görə daha çox yayıla biləcəyini bildirir.

Amerikalı milyarder 2022-ci ildə "Növbəti pandemiyanın qarşısını necə ala bilərik" adlı kitab yazdı və ABŞ da daxil olmaqla müxtəlif hökumətləri 2020-ci ildə kifayət qədər hazırlıqlı olmadıqlarına görə tənqid etdi.

Qeyts həmçinin kitabda dünya ölkələri üçün daha güclü karantin siyasətləri, xəstəliklərə nəzarətə sərmayə qoyuluşu və peyvənd tədqiqatı və inkişafının artırılması da daxil olmaqla bir sıra tövsiyələr təklif edib. Qeytsin COVID-19 pandemiyasından əvvəl oxşar məsələlərlə bağlı xəbərdarlığı onun uzun müddət sui-qəsd nəzəriyyəçilərinin radarında olmasına səbəb olub.