Yanğının ortasında qaldı

Amma qoyunlarının yanından bir an olsun belə ayrılmadı

  Çanaqqaladakı dəhşətli yanğından zərər görən kəndlərdən biri də Ulupınardır. Kənd sakini Mehmet Karaduman yanğının əhatəsinin getdikcə genişlənməsinə, təhlükənin yaxınlaşdığına baxmayaraq qoyunlarının yanından bir an da olsun ayrılmayıb. Halbuki, kənd sakinlərinə təxliyə əmri verilib. 75 yaşlı Mehmet Karaduman isə “heyvanlarımı buraxıb hara gedim?” deyərək evini, təsərrüfatını tərk etməyib. Yanğının kəndə yaxınlaşdığını görən M.Karaduman qoyunlarını ahırdan çıxarıb məzarlığın arxa tərəfindəki açıq sahəyə cəmləyib. “Yanğın hər iki tərəfdən kəndimizi əhatələyib. Heyvanlarımı açıq bir yerə apardım, 50-60 baş heyvanım var. Şükür, onları xilas edə bildim. Yanğınsöndürənlər gecə-gündüz çalışdı, yanğını dayandırdı. Yoxsa evimizə qədər gəlib çıxacaqdı. Dedilər, evlərdən çıxın, amma mən çıxmadım. Heyvanlarımı qoyub hara gedim? Onlar da canlıdır, bizə bərəkət gətirirlər, ruzi verirlər. Onları necə xilas edə biləcəyimi düşündüm və məzarlığın arxasındakı boş sahəyə cəmlədim”, - söyləyən M.Karaduman qoyunlarını xilas edə bildiyi üçün çox xoşbəxt olduğunu deyib.