Fərid Fəttahov həqiqətən intihar edib? -AÇIQALAMA 

Sadəcə, bu şəxsin Türkiyə və Rusiya vətəndaşı, 32 yaşında olması qeyd edilib

“Çox güman ki, orada yaşayan və Azərbaycan mənşəli ad, soyadda qalan insanlar ya yezidi kürdləri, ya da başqa bir millətə məxsus ola bilər”


  İrəvanda əcnəbi vətəndaş mənzildə özünü asıb.
Erməni mediasına istinadən əldə etdiyimiz xəbərə görə, Rusiya və Türkiyə vətəndaşlığı olan 32 yaşlı Fərid Fəttahov adlı şəxs yaşadığı mənzilin tavanından özünü asıb. Əraziyə gələn təcili tibbi yardım xidmətinin əməkdaşları Fəttahovun öldüyünü müəyyən edib. Bildirilib ki, onun mənzildə meyitini ilk olaraq Rusiya vətəndaşı olan həyat yoldaşı aşkar edib. 

  “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov isə  “Sherg.az”a açıqlamasında hadisədə intihar faktı olması ilə bağlı şübhəli məqamlar olduğunu deyib. Onun sözlərinə görə, intihar etdiyi məkanla bağlı verilən informasiyalar ziddiyyətlidir. Bəzi mənbələrdə yaşadığı mənzilin tavanından özünü asdığı, digər mənbələrdə isə yaşadığı binanın ikinci mərtəbəsində intihar etməsi ilə bağlı məlumatlar verilir: 
“Fərid Fəttahovun kimliyi ilə bağlı verilən məlumatlar da həddindən artıq kasaddır. Sadəcə, bu şəxsin Türkiyə və Rusiya vətəndaşı, 32 yaşında olması qeyd edilib. Çox güman ki, Rusiya vətəndaşı olduğu qeyd edilən həyat yoldaşı  da etnik mənsubiyyətinə görə ermənidir. 
  Şəxsi əmlak sahibi olmasından da bəlli olduğu kimi bu şəxs İrəvanda uzun müddət  yaşayır və əmək fəaliyyəti ilə məşğul olurmuş.  Hadisənin təfərrüatları yəqin ki, tədqiqat prosesində bəlli olacaq. Bəlkə də açıqlanan nəticələrdən sonra intiharla bağlı ziddiyyət doğuran məqamlara da  aydınlıq gələcək”. 

  F.Fəttahovun başqa bir ölkənin vətəndaşı olsa da, Azərbaycan adı və soyadı ilə İrəvanda yaşamasına gəldikdə isə A.Allahverənovun sözlərinə görə, Ermənistanda müəyyən sayda azərbaycanlı yaşayır. Ermənistan  vətəndaşlığı olan bu şəxslər bəzən  beynəlxalq tədbirlərdə  Ermənistanın mono-etnik dövlət olması ilə bağlı fikirlərimizə qarşı müxtəlif arqumentlərlə çıxış edirlər: 
“Siyahıyaalma nəticələrini göstərərək bizi  Ermənistanda yaşayan digər xalqlara qarşı heç bir ayrı-seçkilik edilməyinə inandırmağa çalışırlar.  Halbuki Ermənistanın Dövlət Statistika Komitəsinin açıqladığı  rəqəmlərdən   bəlli olur ki, 3 milyon iki yüz minə yaxın əhali yaşayır. BMT-nin məlumat bazalarında isə bu rəqəm 3 milyon kimi  göstərilir. Ermənistanın beyin mərkəzləri isə ölkədə miqrasiya templərinin yüksək olduğunu və  bir milyondan çox əhalinin ölkənin hüdudlarından kənarda yaşadığını  bildirir. Rəsmi mənbələrə görə, faktiki əhalinin iki yüz mini Ermənistanda məskunlaşan başqa xalqların nümayəndələridir. Həmin 2 yüz min etnik arasında da neçə nəfərinin Azərbaycan əsilli olması barədə isə dəqiq bir informasiya yoxdur. Ancaq onu deyə bilərəm ki, Ermənistanda məskunlaşan 50 minə yaxın yezidi kürdlərin  əksəriyyətinin ad və soyadı Azərbaycan mənşəlidir. Hətta onların danışıq dili də Azərbaycan dilidir.    Ermənistanda yaşayan udinlərin sayı  çox olmasa da, onların da danışıq dili Azərbaycan dilidir.  Bunu erməni etnoqraflarının özləri etiraf edir.
Zaman-zaman Ermənistanda yaşayan qarışıq azərbaycanlı ailəsinin həyatı haqqında məlumatlar yayılır, bəzən sənədli film də çəkməyə cəhd edirlər. Bununla da, bir növ monoetnik dövlət olmadıqlarını sübut etməyə  çalışırlar. Lakin 1988-89-cu illərdə azərbaycanlılara qarşı deportasiya siyasəti yeridən, onları fiziki və psixoloji zorakılığa məruz qoyaraq məcburi qaydada  evlərindən çıxaran bir dövlətin ərazisində azərbaycanlıların yaşamasına razılıq  verməsi inandırıcı deyil. Çox güman ki, orada yaşayan və Azərbaycan mənşəli ad, soyadda qalan insanlar ya yezidi kürdləri, ya da başqa bir millətə məxsus ola bilər. Eyni zamanda illər əvvəl Ermənistana köçüb, münaqişədən sonra da orada qalan ailələrin olması istisna deyil”.