Sosioloq: Qəsdən təhlükəli vəziyyət yaradan sürücülərin avtomobilləri müsadirə edilməlidir

İctimai qınağın heç bir xeyrini görmürük
 
“Əmin edirəm ki, “avtoş”luqla bağlı yaşanan bütün problemlərimiz 1 həftə ərzində həll ediləcək”


  Ödənişli yolda əks yola çıxıb sürətlə hərəkət edirlər. Bu adamlara cəza olaraq 15 gün  küçə süpürtdürmək lazımdır. Bunu Milli Məclisin ötən iclasında millət vəkili Siyavuş Novruzov deyib. Millət vəkilinin sözlərinə görə, bu, digər hərəkət iştirakçıları üçün açıq təhlükə yaradır. Başqa biri də maşını 200 km sürətlə sürür. Hətta özünü çəkib sosial şəbəkələrdə paylaşır. Axı belə olmaz.
  S.Novruzov bildirib ki, bu adamlar cərimələnməklə yanaşı ictimai qınaqla da üzləşməlidir: “Yaxşı olardı ki, bu adamlar belə xətalar etdikdən sonra 15 gün küçə süpürmək və digər ictimai işlərə cəlb edilsin. Bu istiqamətdə qərar qəbul edilsə, bəlkə belə halların qarşısı alınar”.   

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri , sosioloq Elçin Bayramlı isə “Sherg.az”a açıqlamasında yol hərəkəti qaydalarını pozan sürücülərin cərimələnməklə yanaşı ictimai qınaqla üzləşməsini mənasız təklif kimi dəyərləndirib. Onun sözlərinə görə, bu cür cəzalar normal cəmiyyətlərdə özünü doğruldur. Bizim kimi cəmiyyətlərdə isə bu cür addımlar heç bir effekt vermir:
 “Dəfələrlə müşahidə etmişik. Azərbaycanda qayda pozanlara, hegemonluq edənlərə, sosial şəbəkələrdə özlərini reklam edən insanlara qarşı ictimai qınaq yox, ictimai dəstək var. Qayda pozan şəxslərin ictimai işlərə cəlb olunması isə pis fikir deyil. Bu təcrübə xarici ölkələrdə də tətbiq edilir.  Hərəkətdə olan avtomobildə özlərini çəkib reklam edən, şüurlu şəkildə müxtəlif qayda pozuntularına yol verən şəxslər qələbəlik olan yerlərdə  ictimai işlərə cəlb olunmalıdır ki, başqalarına da dərs olsun. Biz artıq maarifləndirmənin, təbliğatların heç nir nəticə vermədiyini gördük". 

  E.Bayramlının sözlərinə görə, qayda pozan sürücülərə qarşı inzibati metodlar icra edilməlidir.  Bir neçə il əvvəl “avtoşluq” probleminin tez və birdəfəlik həlli ilə bağlı daha effektiv təklif  irəli sürmüşəm.Yollarda qəsdən təhlükəli vəziyyət yaradan, manevr edərək qəzaya səbəb olan sürücülərin avtomobillərinin müsadirə edilməsi ilə bağlı qərar qəbul edilməlidir: 
“Paralel olaraq da 3 illiyinə sürücülük hüququ məhdudlaşdırılmalıdır. Sizi əmin edirəm ki, “avtoş”luqla bağlı  yaşanan bütün problemlərimiz 1 həftə ərzində  həll  ediləcək. Bir adam neçə dəfə maşın alıb avtoşluq edəcək ki!? Lap imkanlı uşaqları  avtomobilin müsadirəsinə məhəl qoymayıb 2 dəfə, 3 dəfə  təzə maşın alıb öz bildiyini edəcək. Hər dəfə də polis tərəfindən qanun pozuntusu aşkarlandığı halda onun yeni avtomobilləri müsadirə edilsə, artıq o da məcbur qalıb qanunvericiliyin tələblərinə əməl etməli olacaq”. 
  E.Bayramlının sözlərinə görə, Azərbaycanda yol hərəkəti qaydalarını pozmağa görə cərimələr  yüksək olsa da, adekvat deyil: “Daha doğrusu, ədalətli deyil.  Nümunəvi sürücülər bilmədən  qoşa xətti tapdalasa, ya da bir qədər tez dönəndə ona da 60-100 manat cərimə yazılır, yollarda qəsdən təhlükəli manevr edərək qəza vəziyyəti yaradanlara, qırmızı işıqda keçən, əks yola çıxan sürücülərə qarşı da eyni cərimələr tətbiq edilir. Hesab edirəm ki, qayda pozuntusunun qəsdən və ya  bilməyərəkdən edilməsinə görə  təyin edilən cərimələr arasında ən azı 3-5 dəfə fərq olmalıdır. Cərimə məbləğləri müəyyən edərkən sanksiyanın mahiyyəti, onun hüquq pozuntusunun törədilməsinə, törədilmə şəraitinə təsiri tam təhlil olunmur, nəzərə alınmır”.