“Ərim məni öldürəcək” dedi, 10 gündür xəbər yoxdur

Sakaryada ərinin onu öldürəcəyini dedikdən sonra yoxa çıxan qadının axtarışları 10-cu gününə qədəm qoyub. 


Sherg.az türk mediasına istinadən xəbər verir ki, Adapazarı rayonu Doğancılar məhəlləsində yaşayan Leyla Dəmir fevralın 13-də 112 Təcili Zəng Mərkəzinə zəng edərək əri S.D-nin onu döydüyünü və öldürmək istədiyini bildirib.

Ünvana gedən jandarma qrupları Leyla Dəmiri tapa bilməyib. 


Şübhəli olaraq saxlanılan S.D. jandarmada dindirildikdən sonra sərbəst buraxılıb.

Leyla Dəmirin tapılması üçün fevralın 13-ü axşam saatlarında araşdırmalara başlanılıb.

Axtarışların ilk günü qadının çadrası və mobil telefonu Sakarya çayının kənarında evlərinin yaxınlığında tapılıb.

Bu səbəbdən axtarış işləri Sakarya çayı sahillərində cəmlənib.

10 gündür davam edən axtarışlarda aralarında Jandarma Axtarış-Xilasetmə (JAK), İHH, SAKE və dalğıc polisinin də olduğu 47 nəfərlik qrup iştirak edib.

Bundan əlavə, axtarış itləri, 11 nəqliyyat vasitəsi, 4 qayıq və 1 pilotsuz uçan aparatdan istifadə etməklə axtarış işləri davam edir.