Xankəndidə terrorçu yuvasının sökülməsi ədalətin təntənəsidi -ŞƏRH

Azərbaycan dövlətçiliyinə, onun maraqlarına daban-dabana zidd olan belə tikililər, heç şübhəsiz ki, ayaq üstə qala bilməz


  Xankəndi şəhərində işğal dövründə inşa edilmiş qanunsuz tikililər sökülür. Qanunsuz tikililər arasında qondarma qurumun “parlament” adlanan binası və “Artsaxı azad etmiş döyüşçülər” ittifaqının binası da var. Xankəndidə qanunsuz tikililərin sökülməsi Ermənistanda yersiz səs-küyə səbəb olub. Ermənilər bu binaların, eləcə də digər qanunsuz tikililərin sökülməsinə siyasi don geydirməyə çalışır, guya, erməni irsinin silinməsi kimi təqdim etməyə cəhd göstərirlər. Təbii ki, bu iddiaların hamısı əsassızdır. Ermənistanın Qarabağı işğal etməsindən sonra isə Xankəndidə lazımsız tikinti işləri həyata keçirilib, şəhərin Baş planına uyğun olmayan tikililər inşa olunub. Xankəndi şəhərinin Baş planı hələ SSRİ zamanında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsdiqlənib, şəhərdə Azərbaycan SSR tərəfindən geniş tikinti-quruculuq işləri aparılıb. Qondarma qurumun “parlament” binasına və YERKRAP-ın binasına gəldikdə, hər iki bina Azərbaycana qarşı işğal və soyqırımı planlarının hazırlandığı və icra edildiyi məkan hesab olunur. Qondarma “Artsax parlamenti”nin binasının açılışı separatçı rejimin elan edilməsinin 16-cı ildönümü günü - 2007-ci il sentyabrın 2-də olub. Mərasimdə Ermənistan parlamentinin spikeri Tiqran Torosyan da iştirak edib. Binanın tikintisi zamanı külli miqdarda yeyintiyə yol verildiyinə dair mətbuatda faktlar dərc olunub. Məlumatlara görə, binanın tikintisinə 2006-cı ildə 586 min ABŞ dolları ayrılıb, lakin bu vəsait kifayət etməyib, ona görə də 2007-ci ildə əlavə olaraq 985 min ABŞ dolları ayrılıb. Bununla belə, binanın tikintisinin yekunlaşması üçün adları çəkilməyən sponsorlardan da əlavə vəsaitlər alınıb. “Parlament” binası Azərbaycan ərazilərinin işğal edilməsi, günahsız insanlara qarşı qətliam, soyqırımı planlarının hazırlandığı, qərarların qəbul olunduğu terrorçu yuvası kimi fəaliyyət göstərib. “Artsaxı azad etmiş döyüşçülər” ittifaqının binası (Ermənistan Respublikasının Könüllülər İttifaqı (YERKRAP) isə üçmərtəbəli olub, bina yuxarıdan baxdıqda xaç işarəsini xatırladıb. Xankəndi şəhərinin mərkəzi meydanda tikilmiş binanın açılışı 2013-cü il mayın 9-da baş tutub. Açılışda Ermənistan Prezidenti Serj Sarkisyan və qondarma rejimin rəhbəri Bako Saakyan iştirak edib. Binanın açılışı mayın 9-na Şuşa şəhərinin işğalının növbəti ildönümü gününə təyin olunub (Şuşa 1992-ci il mayın 8-də işğal olunsa da, ermənilər həmin günü 9 mayda qeyd edirdilər). Açılış bu münasibətlə Xankəndidə təşkil olunmuş “bayram tədbirləri” çərçivəsində baş verib. Bina separatçı rejimin “müdafiə nazirliyi”nin dəstəyi və erməni diasporunun ən varlı nümayəndələrindən biri, 2014-cü ildə maliyyə fırıldaqlarına görə Rusiyada həbs olunmuş və həbsxanada ölmüş Levon Ayrapetyanın xeyriyyə fondu, işğal olunmuş ərazilərə külli miqdarda “investisiya” qoymuş VALLEX-qrup və Moskva, Stavropol şəhərlərindəki erməni diasporunun nümayəndələrinin sponsorluğu ilə tikilib. Məlumdur ki, YERKRAP terrorçulardan ibarət dəstə kimi fəaliyyət göstərib, münaqişə dövründə minlərlə azərbaycanlının qətlə yetirilməsində birbaşa iştirak edib. Təyinatından da aydın olduğu kimi, erməni faşizminin, erməni işğalının simvoluna çevrilmiş bu qanunsuz tikililərinin sökülməsində qeyri-adi nəsə axtarmaq ancaq axmaq adamların ağlına gələ bilər. Bununla yanaşı, qeyd olunduğu kimi, işğal dövründə Xankəndidə Baş plandan kənar qanunsuz tikililər inşa olunub. Qanunsuz tikililərin isə Azərbaycanın istənilən yerində qarşısı alınır.
  Xatırlatmaq yerinə düşər ki, işğal zamanı xunta rejimi Şuşada da “parlament binası” inşa etməyə başlamışdı. Lakin 44 günlük Vətən müharibəsində Şuşanın işğaldan azad edilməsi binanın inşasını yarımçıq, ermənilərin arzusunu gözündə qoydu. Prezident, Ali Baş Komandan İlham Əliyev Şuşa işğaldan azad olunandan sonra oradakı çıxışında bildirmişdi ki, işğal dövründə ermənilər qondarma “Dağlıq Qarabağ Respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürmək üçün burada bina tikməyə başlamışdılar: “Ancaq şanlı Azərbaycan Ordusu düşmənin bu niyyətini puç etdi. Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad olundu. Qondarma rejimin “parlamenti” binasının inşası yarımçıq qaldı. Qondarma rejim bəyan etmişdi ki, “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürəcək. Beləliklə, Şuşa şəhərini erməniləşdirmək üçün növbəti cəhd edilməli idi. Bax bu binanı onlar “Dağlıq Qarabağ Respublikası”nın “parlament” binası kimi inşa etməyə başlamışdılar. Ancaq çatdıra bilmədilər. Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi. “Parlament” də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi”. Sonradan həmin bina da söküldü, çünki qanunsuz inşa olunurdu. Yerində isə hotel binası tikilərək, istifadəyə verilib. Bütün bunlar onu göstərir ki, ermənilər, Ermənistan başqasının torpağından gözünü çəkməli, ərazi iddialarından birdəfəlik vaz keçməlidir. Azərbaycanın öz ərazisində hansı qərarı verib, hansı addımı atması onun öz işidir. Ermənilər isə yersiz iddiaları ilə özlərini yalnız gülünc vəziyyətə salırlar.

  Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında deyib ki, ermənilər 30 illik işğal dövründə Azərbaycan ərazisində xeyli sayda özbaşına, icazəsiz tikililər tikiblər və həyata keçirdikləri bu tikinti işlərindən Azərbaycanın qədim şəhəri Xankəndinin memarlıq üslubunu korlayıblar. Üstəlik, bu tikililərin içərisində separatçı qüvvələr yerləşdirilib:
 "Həmin obyektlərdə Azərbaycan torpaqlarının işğalına bəraət qazandırmağa çalışan müxtəlif antihüquqi və antiazərbaycançı ideoloji mərkəzlər fəaliyyət göstərib. Azərbaycan əsla imkan verə bilməzdi ki, milli şəhərimizin tarixi arxitekturasına zidd olaraq icazəsiz tikilən, dövlətçiliyimizin ideoloji əsaslarını, milli əsaslarını dağıtmaq üçün bir ideoloji mərkəz kimi fəaliyyət göstərən bu binalar bizim ərazimizdə qalsın. Ona görə də həm arxitektura baxımından, həm məqsədi və fəaliyyəti baxımından Azərbaycan dövlətçiliyinə, onun maraqlarına daban-dabana zidd olan belə tikililər, heç şübhəsiz ki, ayaq üstə qala bilməz. Ancaq ermənilər bütün məsələlərdə olduğu kimi bu məsələdə də uydurma təbliğat aparır. Guya, Azərbaycan Qarabağ ərazisində hansısa "maddi-mədəni irsi sökür, dağıdır". Əksinə, Azərbaycan xalqının əsrlər boyu Qarabağda, Xankəndidə, Şuşada, Xocavənddə, Ağdərədə, Füzulidə və digər ərazilərimizdə yaratdığı tarixi maddi-mədəni irsi ermənilər yerlə-yeskən ediblər. Hələ bu azmış kimi 1918-ci ildən sonra ötən təqribən bir əsrlik dövrdə, elə İrəvan şəhərinin özündə, digər yerlərdə Azərbaycan xalqına aid olan bütün irsi dağıdıblar". 
 
 Parlament üzvü vurğulayıb ki, Azərbaycan xalqının maddi mədəniyyətinin sonuncu nümunəsi kimi İrəvanda qalan "Təpə Başı məhəlləsi"ndə fransızlarla birlikdə bu məhəllənin sökülməsi və yerində işgüzar mərkəzin tikilməsi ilə bağlı inşaat layihəsi müzakirə olunur: 
"Əsl barbarlıq budur. Xankəndidə hər hansı bir terrorçu yuvasının sökülməsi isə qanunun və ədalətin təntənəsidir. Ona görə yaxşı olar ki, əgər doğrudan da, erməniləri hansısa "maddi irs" narahat edirsə, ilk növbədə onlar əsrlər boyu bütün Ermənistan ərazisində Azərbaycanın yaratdığı mədəni irslə də bir maraqlansınlar. Eyni zamanda Qarabağda xalqımızın maddi-mədəni irsini talan etmələri, dağıtmaları barədə düşünsünlər. Ermənilərin mənəvi haqqı yoxdur ki, bizə mədəni irsin qorunması ilə bağlı hər hansı irad bildirsin".