Paytaxt yollarında təlim avtomobili ilə törədilən qəzaların sayı artıb. Sürücülər bildiriblər ki, hərəkətin sıx olduğu yollarda təhlükə ilə üz-üzədirlər. Onlar yollarda qəza vəziyyətinin yaranmasında təlimçiləri günahlandırırlar.
Bəs təlim zamanı törədilən qəzalarda günah kimdədir?
Məsələ ilə bağlı danışan nəqliyyat eksperti Aslan Əsədov "Sherg.az"a vurğulayıb ki, bu cür qəzalarda çox vaxt məsuliyyət təlimçinin üzərinə düşür:
"Təlim avtomobilləri ilə törədilən qəzaların artmasının başlıca səbəblərindən biri də təlimçinin qaydalara məhəl qoymamasıdır. Əlavə olaraq, maşın sürməyi öyrənmək istəyən şəxsin bilik-bacarıqları və profesionallığının yetərli səviyyədə olmaması da buna təsir edən amillər sırasındadır. Yenicə avtomobil idarə etməyə çalışan birinin qəza törətməsi başa düşüləndir. Lakin onlar məşğələni mütləq müvafiq standartlara və təhlükəsizlik tələblərinə uyğun təlim meydançalarında keçməlidirlər. Müəyyən mərhələni keçdikdən sonra əsas yola çıxmaq olar. Fikrimcə, bu təqdirdə təlim zamanı yaşanan qəzaların müəyyən qədər qarşısını almaq olar".