"Qara camaatın" gününə ağlayan yoxdur: 2-3 manatlıq taksiləri də onlara çox gördülər

Tıxaclı yollarda, kondisionersiz avtobuslarda sərnişinlərin nəfəsi kəsilir
 
 
 Yenə yay gəldi. İctimai nəqliyat kondisioner problemini də özü ilə bərabər gətirib.Yollarda tıxac, metro və marşrut avtobuslarında sıxlıq azmış kimi günü-gündən şiddətlənən istilər də bir yandan sərnişinlərin nəfəsini kəsir. Yenə əvvəllər taksi xidmətinin qiyməti münasib idi. Yayın cırhacırında kondisionersiz və basabas avtobuslara minə bilməyən insanlar  2-3 manatını verib  “ekonom” taksilərlə  rahat və sərin şəkildə istədiyi  ünvana gedirdi. "Qara camaata"a onu da çox gördülər. Taksilərlə bağlı qəbul edilən müvafiq dəyişikliklərdən sonra qiymətlər "əl yandırır".
 Qeyd edək ki, bir neçə gündür havanın temperaturunun yüksəlməsinə baxmayaraq, hazırda Bakı və Bakıətrafında sərnişindaşıma ilə məşğul olan avtobusların çoxunda sərinləndirmə sistemləri qoşulmur. "BakuBus"a məxsus avtobuslarda iyun ayının 1-dən etibarən sərinləndirmə qurğuları işə salınıb. Digər avtobusların  sürücüləri isə problemi idarə etdikləri nəqliyyat vasitəsinin köhnə olması və kondisionerin olmaması ilə izah edirlər. Ekspertlər isə  ictimai nəqliyyatda bu problemlərin aradan qaldırılması üçün ciddi nəzarətin həyata keçirilməli olduğunu, dövlətin sərnişindaşıma sahəsində fəaliyyət göstərən şirkətlərə dəstək olmasının vacibliyini vurğulayıblar.
 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daşıyıcılara yay mövsümünün iyunun 15-də başlamasına baxmayaraq, sərnişinlərin rahatlığı üçün avtobuslarda temperatur göstəricilərinin tənzimlənməsi barədə də tapşırıqlar verib: “Onlara avtobuslarda sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsinə dair göstərişlər verilir. Həmçinin onlara yay mövsümünün iyunun 15-də başlamasına baxmayaraq, sərnişinlərin rahatlığı üçün avtobuslarda temperatur göstəricilərinin tənzimlənməsi barədə də tapşırıqlar verilib. Müntəzəm marşrut xətt avtobuslarında havalandırma, isitmə və sərinləndirmə sistemlərinin olması sərnişinlərin rahatlığı üçündür. Nazirlər Kabinetinin 73 saylı qərarı ilə təsdiq olunan tələblərdə də bu məsələ xüsusilə qeyd edilib. Hər bir daşıyıcı şirkət istismarında olan avtobuslarda bu sistemlərinin olması və işlək vəziyyətdə saxlanılması üçün məsuliyyət daşıyır. Bu gün Bakıda, xüsusən də ətraf kənd və qəsəbələrdə fəaliyyət göstərən avtobuslar texniki baxımdan köhnəldiyindən müasir tələblərə və qüvvədə olan ekoloji standartlara qəti cavab vermir. Bu avtobuslar istismar müddətini başa vurduğundan yenilənməsinə ciddi ehtiyac var".
 O da qeyd olunub ki, paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanıb (Sputnik.az).

Nəqliyyat eksperti  İlqar Hüseynli isə “Sherg.az”a açıqlamasında deyib ki, hər il eyni problem yaşanır:
 "Avtobus parkı yenilənməlidir. Başqa hansısa addımın atılması mümkün deyil. Doğrudur, kondisioner sistemi mövcud olan avtobus sürücülərinə tapşırıq verilir ki, ondan istifadə etsinlər. Amma təəssüf ki, bəzən sürücülər kondisioneri qəsdən yandırmırlar. Bu da problemlə nəticələnir”.

 İ.Hüseynlinin sözlərinə görə, Azərbaycanda öhdəliklərini yerinə yetirən və vətəndaşlara normal xidmət göstərən "Xaliq Faiqoğlu" MMC və "Bakubus" MMC-nin avtobuslarıdır:

 “Bakı kəndlərinə işləyən digər avtobuslarda vəziyyət çox bərbaddır. Avtobus parkları yenilənmir. Şirkətlər vətəndaşların xidmətinə yönələn sosial korporativ öhdəliklərini yerinə yetirmir, məsuliyyət daşımır. Hesab edirəm ki, mövcud problemlə bağlı çox ciddi ölçü götürülməlidir. Şirkətlərin qarşısına konkret vaxtlar qoyulmalıdır ki, öz avtobuslarını saz vəziyyətə gətirsinlər. Yayda kondisionerin işləməsi, qışda isitmə sistemi baxımından sərnişinlərin komfortlu daşınmasını təmin etmək üçün konkret hədəflərə və istəklərə nail olunmalıdır. Əks halda cərimələr və sanksiyalar tətbiq edilməlidir. Həmin şirkətlər vəzifələrini yerinə yetirməlidirlər. Bacarmırlarsa, lisenziya hüquqları əllərindən alınaraq, normal işləyən digər şirkətlərə verilməlidir".