Bakının Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində qanuni parklanma ərazisində avtobus dayanacağı nişanı quraşdırılıb.
Şikayətçi bildirib ki, avtomobilini sözügedən ərazidə saxladıqdan sonra əraziyə yol nişanı qoyulub. Lakin buna baxmayaraq, ona yol polisi tərəfindən cərimə yazılıb.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli bildirib ki, sözügedən ərazidə ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkəti nəzərdə tutulan dayanacaq meydançası və həmin dayanacaq meydançasını bildirən yol nişanı və nişanlanma xətti mövcuddur. Bu kimi qayda pozan sürücülər barəsində qanunamüvafiq tədbirlər həyata keçirilir.
Hadisə ilə bağlı fikirlərini bölüşən nəqliyyat eksperti Aslan Əsədov "Sherg.az"a deyib ki, hazırda parklanma ilə bağlı müəyyən qüsurların olduğunu müşahidə edirik:
''Unutmamalıyıq ki, hər şey mükəmməl deyil. Bu da insanların paklanma mədəniyyətinə alışa bilməməsindən irəli gəlir. Lakin vətəndaşlar belə hallarla qarşılaşdıqda mütləq adiyyatı qurumlara müraciət etsinlər. Bununla baş verən hadisə araşdırılaraq hüquqi və dolğun qiymət verilə bilər. Ümumiyyətlə, bu kimi problemlərin həlli üçün idarələr arasında bir şəxsin tənzimləmə metodu olmalıdır. Beləki əlaqəli şəkildə hansısa ərazidə yaranmış nöqsanlara görə, koordinasiyalı şəkildə işləmək daha məqsədəuyğundur. Əks halda problemlər həll olunmayacaq. Bu kimi şəxslərin şikayyətinin sayı durmadan artacaq".