Qardaş qaçdı! İşarəni səhv anlayıb bacıları qətlə yetirdilər

 Braziliyada 25 yaşlı Rayane Alves və onun bacısı 28 yaşlı Rithiele Alves şənbə günü səhər saatlarında festivaldan çıxandan sonra qardaşları da daxil olmaqla iki kişi ilə birlikdə qaçırılıb.
Sherg.az "ntv.com.tr"yə istinadən xəbər verir ki, polisin verdiyi açıqlamada bacıların "Komando Vermelho" adlı dəstə tərəfindən qaçırılaraq işgəncələrə məruz qaldıqları bildirilib.

Məlum olub ki, dəstə üzvləri bacılara bıçaqla işgəncə verib, saçlarını və barmaqlarını kəsiblər.

Yaralı qardaş xilas ola bilib və polisə məlumat verib. Polis evə basqın edərək otaqlardan birində Rayane və Rithiele-ni ölü tapıb.

Polis rəsmiləri qızları qaçıran dəstənin fotoda rəqib "Primeiro Comando da Capital" dəstəsinə aid əl işarəsi etdiklərini düşündükləri üçün onların ölüm əmri verdiyini bildirib.

Bildirilib ki, gənc qızlar ölməzdən əvvəl 3 saat işgəncəyə məruz qalıblar.

Polis rəsmisi bildirib ki, qurbanlar bir otaqda saxlanılıb, sonra bir-bir çıxarılaraq işgəncələrə məruz qalıb.

Bildirilib ki, Rayane Alves, onun bacısı və qardaşının hər hansı cinayət təşkilatı ilə əlaqəsi olduğuna dair heç bir sübut yoxdur.