Sevgilisinə yatdığı yerdə ağır xəsarətlər yetirməkdə təqsirləndirilən Qazax rayon sakini, 18 yaşlı Səbinə Vəliyevanın cinayət işinin ilk məhkəmə baxışı keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror Orxan Kəngərli təqsirləndirilən şəxsə ittiham aktını elan edib.
Hakim S.Vəliyevanın 15 ilədək müddətə azadlıqdan məhrum oluna biləcəyini xatırladıb. S.Vəliyeva özünü qismən təqsirli bilib. Təqsirləndirilən xanıma sərbəst ifadə üçün söz verilsə də, vaxt məhdudiyyətindən bu mümkün olmayıb. Növbəti proses yanvarın 21-nə təyin olunub.
İttihamda qeyd olunur ki, Səbinə Vəliyeva ailəsindən xəbərsiz yaşadığı Qazax rayonundan Bakıya gələrək tanış olduğu Fərid Hüseynzadə ilə görüşüb. Onlar Suraxanı rayonunun ərazisində mənzil kirayəyə götürərək qeyri-rəsmi yaşayıblar.
Təqsirləndirilənin istintaqa ifadəsindən məlum olub ki, Səbinə Vəliyeva sevgilisini bıçaqlamasının səbəbini özünün təhqir olunması ilə əsaslandırıb. Onlar 2024-cü ilin yanvarın 23-də kirayədə yaşadıqları mənzildə şam yeməyi zamanı qəbul etdikləri spirtli içkidən sonra sərxoş olublar. Səbinə Vəliyeva səhər yuxudan ayılarkən özünü çarpayıda çılpaq vəziyyətdə görərək bundan hiddətlənib. Çarpayıda yatan Fərid Hüseynzadəyə bıçaqla zərbələr endirərək ona ağır xəsarətlər yetirib. S.Vəliyevaya qarşı Cinayət Məcəlləsinin 29 (Cinayət etməyə cəhd), 120.2.2 (Xuliqanlıq niyyəti ilə adamöldürmə) və 120.2.9-cu (Təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adamöldürmə) maddələri ilə cinayət işi açılaraq ona ittiham irəli sürülüb.