ABŞ-ın Nyu-York əyalətində yerləşən Stüart Beynəlxalq Hava Limanı naməlum dronların fəaliyyəti səbəbindən müvəqqəti bağlanıb.
Trend-in NBC News-a istinadən verdiyi məlumata görə, Nyu-York qubernatoru Keti Hoçul hadisəni təsdiqləyərək bildirib ki, pilotsuz uçan aparatların hava məkanında hərəkəti səbəbindən hava limanının uçuş-enmə zolağı təxminən bir saat bağlı qalıb. "Bu vəziyyət artıq çox uzağa gedib", - deyə Hoçul vurğulayıb.
Qubernator həmçinin insanları və kritik infrastrukturu qorumaq üçün dronlara qarşı mübarizədə hüquq-mühafizə orqanlarına daha geniş səlahiyyətlər verilməsini nəzərdə tutan qanunvericilik çağırışı edib.
Bir gün əvvəl ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp isə son zamanlar ölkənin müxtəlif bölgələrində görünən “sirli” dronların vurulması üçün çağırış etmişdi.