Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan hökuməti arasında iqtisadi-ticarət, elmi-texniki və mədəniyyət sahəsində əməkdaşlıq haqqına 2011-ci ildə razılaşma imzalanıb. Cari ildə Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında 2024-2026-cı illər üçün qarşılıqlı əməkdaşlıq əlaqələrinin artırılması barəsində proqram qəbul edilib.
AZƏRTAC Həştərxan vilayətinin xarici əlaqələr naziri Vladimir Qolovkovun məlumatına əsasən xəbər verir ki, hazırda həmin proqram icra olunur. İqtisadi-ticarət əlaqələrinə toxunan nazir vurğuladı ki, Həştərxan vilayətindən Azərbaycana əsasən balıq və balıq məhsulları, gəmi tikintisi üçün materiallar, duz, mebel, elektrik cihazlar ixrac edilir. Azərbaycandan isə Həştərxan vilayətinə müxtəlif təyinatlı borular, meyvə-tərəvəz, elektrik avadanlıqları idxal edilir.
2023-2024-cü illər ərzində Həştərxan vilayətinin sahibkarları Azərbaycanın müvafiq qurumları ilə 670 min dollar dəyərində 10 müqavilə imzalayıblar. Bu müqavilələrə əsasən Azərbaycana balıqçılıq təsərrüfatı və qida sənayesi məhsulları ixrac olunub.
Həştərxan vilayətində Azərbaycana məxsus 19 şirkət qeydə alınıb. Bu şirkətlər topdan ticarət, nəqliyyat, gəmi qayırma, sahələrində fəaliyyət göstərirlər. Həm yerli, həm də regiona sərmayə yatıran Azərbaycan sahibkarları Həştərxanda fəaliyyət göstərən Azərbaycan Biznes Mərkəzi ilə yaxından əməkdaşlıq edir, burada müxtəlif sərgilər, görüşlər, forumlar və başqa tədbirlər keçirərək fəaliyyət dairələrini daha da genişləndirirlər.