Dekabrın 18-də “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” keçiirləcək

Azərbaycanda yeni səhiyyə erasına həsr edilən “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” adlı tədbir keçiriləcək.

"Medicina" xəbər verir ki, 18 dekabr 2024-cü il tarixində baş tutacaq tədbirin əsas məqsədi ölkəmizdə səhiyyə sistemi və xidmətlərinin effektiv təşkil edilməsi, kadrların idarə olunması, səhiyyədə informasiya texnologiyalarının tətbiqi və effektiv istifadəsi, keyfiyyətli tibbi yardımın göstərilməsi, dövlət və özəl tibb müəssisələri arasında işgüzar əlaqələrin və kommunikasiyanın daha da inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə xidmət edən platforma rolunu oynamaqdır.


“Yeniliklər zamanıdır” konsept mesajı ilə təşkil olunacaq tədbirdə iki panel, üç sessiya üzərindən dayanıqlı səhiyyə idarəedilməsi və səhiyyədə yeni imkanlar müzakirə ediləcək.


Panellər resursların effektiv idarəedilməsi, səhiyyədə maliyyələşmə, rəqəmsallaşma və innovasiya, habelə keyfiyyətin idarəolunması, korporativ idarəetmə, tibdə həkim və pasiyent hüquqları, Azərbaycanda sağlamlıq, tibbi turizm imkanları, dövlət-özəl tərəfdaşlığı çərçivəsində əməkdaşlıq modelləri, səhiyyədə kadr potensialının gücləndirilməsi, səhiyyədə dayanıqlı inkişafın iqtisadiyyata təsiri, eyni zamanda iqlim dəyişikliyinin sağlamlığa təsiri və COP29 sonrası yeni fürsətlər mövzularını özündə ehtiva edir.


“Səhiyyə İdarəçiləri Zirvəsi 2024”-də Azərbaycan Respublikasının Milli Məclisi, Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, TƏBİB-in tabeliyində fəaliyyət göstərən “Rəqəmsal Tibbi Həllər” MMC, Yeni Klinika, habelə Bakı Sağlamlıq Mərkəzi, ümumilikdə 14 spiker və 3 moderatorun çıxışı nəzərdə tutulub.