Lənkəranda avtomobil velosipedçini vuraraq öldürüb

Lənkəran rayonunda avtomobil velosipedçini vuraraq öldürüb.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Girdəni kəndi ərazisində baş verib.

Belə ki, Ş.Səmədov idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə velosipedçini vurub. Ağır bədən xəsarətləri alan 1981-ci il təvəllüdlü Girdəni kənd sakini Murad Camal oğlu Quliyev təcili tibbi yardım briqadasının köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, həkimqədər ölüm faktı qeydə alınıb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon şöbəsinə təhvil verilib.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidməti Lənkəran regional qrupundan "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 16-da saat 16 radələrində Ş.Səmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə Lənkəran rayonunun Girdəni kəndi ərazisində velosipedlə hərəkətdə olan 43 yaşlı Murad Quliyevi vurub. M.Quliyev aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.