Abşeronda yaşayış binasında güclü yanğın olub: Zəhərlənən var - YENİLƏNİB + VİDEO

Fövqəladə Hallar Nazirliyi Abşeron rayonu, Məmmədli kəndində yeddimərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı yeni məlumat yayıb.
Nazirlikdən bildirilib ki, yanğın nəticəsində binanın birinci mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 750 kvadratmetr olan təsərrüfat malları saxlanılan anbarın yanar konstruksiyaları 230 kvadratmetr sahədə, ümumi sahəsi 830 kvadratmetr olan ondulindən ibarət dam örtüyü və taxta atmaları 600 kvadratmetr sahədə yanıb, yanğının mənzillərə keçməsinə imkan verilməyib.
Yanğın zamanı 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib, 1 nəfər tüstüdən zəhərlənib. Anbarın və dam örtüyünün qalan hissəsi, eləcə də mənzillər yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar araşdırma aparılır.
13:45
Abşeron rayonu, Məmmədli kəndində yerləşən yeddimərtəbəli yaşayış binasında baş vermiş yanğın tam söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, yanğının mürəkkəbliyinə və havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin çevik və peşəkar fəaliyyəti sayəsində yanğının geniş sahəyə yayılmasına imkan verilməyib. 
FHN-in qüvvələri yanğın zamanı bina sakinlərinin təxliyəsini həyata keçiriblər. Həmçinin, binanın birinci mərtəbəsində yerləşən mağazadakı malların yanğından qorunması məqsədilə təhlükəsiz əraziyə çıxarılaraq daşınması təmin edilib.
13:01
Fövqəladə Hallar Nazirliyi Abşeron rayonu, Məmmədli kəndində yeddimərtəbəli yaşayış binasının dam örtüyündə başlayan yanğınla bağlı məlumat verib. 
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovnik Əkbər Novruzov jurnalistlərə açıqlamasında bildirib ki, yanğının söndürülməsinə 25-ə yaxın texnika və 130 nəfərə yaxın canlı qüvvəsi cəlb olunub:
“Hazırda yanğın tam lokallaşdırılıb. Yanğın binanın dam örtüyündə başlayıb və şaxtadan keçən kabellər vasitəsilə yayılaraq, birinci mərtəbədə yerləşən ticarət mərkəzinin anbarına daxil olub. Dam örtüyünün təxminən 600 kvadratmetri yanıb. Hazırda anbarda yanğının söndürülməsi işləri aparılır”.
O qeyd edib ki, sakinlər təxliyə olunub, vətəndaşlar arasında xəsarət alan yoxdur:
“Yanğının baş vermə səbəbi araşdırılır. İlkin versiyada elektrik xəttindən başlandığı bildirilir. Dam örtüyündəki yanğını söndürən zaman yeddinci mərtəbədə olan iki mənzilə su ziyan vurub”.
PhotoStock.az yanğından görüntülər lentə alıb: