Donetskdə sərnişin avtobusu PUA hücumuna məruz qalıb, bir nəfər yaralanıb

Donetskin Petrovski rayonunda mülki sərnişin avtobusu pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb.

Sherg.az xəbər verir ki, hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Şəhər meri Aleksey Kulemzinin verdiyi məlumata görə, zərbə ictimai nəqliyyat dayanacağında olan 42 saylı marşrut avtobusuna endirilib. PUA avtobusun mühərrik hissəsinə dəyib və nəqliyyat vasitəsi sıradan çıxıb. İlkin məlumata əsasən, yaralanan avtobusun sürücüsüdür.

Hadisə yerində təyyarə tipli pilotsuz uçuş aparatına aid olduğu bildirilən qalıqlar – gövdə hissələri, qanad elementləri, mühərrik və batareyalar aşkar edilib. Hücum nəticəsində yaxınlıqdakı çoxmənzilli yaşayış binalarına da ziyan dəyib.

Rusiya İstintaq Komitəsinin nümayəndəsi RIA Novosti agentliyinə bildirib ki, aşkarlanan qalıqların NATO ölkələrindən birində istehsal olunmuş zərbə PUA-sına məxsus olduğu ehtimal edilir. Onun iddiasına görə, hücumu Ukrayna Silahlı Qüvvələri həyata keçirib.