Fərhad kimi ADAM

Dağları dəlib su çəkdi

70 ildən sonra yaratdığı əsərə göz gəzdirdi

 Türkiyənin Sivas bölgəsində dahi Nizaminin qəhrəmanı Fərhadın prototipi yaşayırmış. 
Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, Sivasın Qazi kəndində yaşayan 85 yaşlı Xəlil Dəmir 70 il əvvəl atası və qardaşıyla birlikdə dağları dələrək kənddəki dəyirmana su gəlsin deyə kanal çəkdiklərinin hekayəsini anladıb. 

Əl əməyi ilə yaratdıqları xarüqəni 70 il sonra ziyarət edən Xəlil Dəmir bu işdə həddindən artıq çətinlik çəkdiklərini, lakin məqsədlərindən dönmədiyini deyib: 

“Kənddə dəyirman vardı, amma susuz idi. Kənd əhalisi dəyirmanı işlədə bilmirdi.

Buğda üyütmək üçün məcbur qalıb, qonşu kəndə gedirdik. O zaman atam kənd dəyirmanı üçün mütləq su yolu açmağı qarşısına məqsəd qoydu. Atam və biz – 4 qardaş kəndimizin dəyirmanına su gəlsin deyə sərt qayalarla mübarizəyə başladıq. O zamanlar çox çətin idi. Yeməyə çörəyimiz yoxdu, geyinməyə libasımız. Kiçik qardaşım içməli su gətirirdi, ondan içib işləyirdik, dağ eşirdik, qayaları dəlirdik. 

Alətləri də qonşulardan almışdıq. Külüngü bir qonşudan, gürzü, beli birindən… Ac-susuz işləyə-işləyə bu kanalı açdıq. İşə başlayanda 1952-ci il idi, 1955-də işi bitirdik. 3 ilə suya yol aça bildik. 

Çox çətin idi, qohumlar kömək etmədi, hərəsi yaxasını bir tərəfə çəkdi. Atam dedi ki, nə olursa-olsun, bu kanalı düzəldəcək. Atam güclü, ağıllı, işbacaran idi, bura gəlib bu qayanı torpaq kimi eşirdi. Biz qardaşlar atam kimi işləyə bilməsək də, ona kömək edərdik”.

 X.Dəmir 70 il əvvəl qazdıqları kanalın içinə düşüb. Kanalın uzunluğu 300 metr, dərinliyinin 3 metr olduğunu deyib, amma zaman keçdikcə kanal istifadəsiz qaldığından yavaş-yavaş torpaqla dolub, dərinliyi azalıb. X.Dəmir qardaşlarından birinin məhz bu kanalda boğulduğunu deyib: 

“Atam vəfat edəndən sonra qardaşım dəyirmanı işlədirdi. Maddi vəziyyətimiz bu kanal və dəyirman sayəsində düzəldi. Qardaşım hər dəfə abdəst almaq üçün bura gəlirmiş, kanalın suyu ilə yuyunurmuş. Bir dəfə də suya düşüb. 

Cəsədi 80 gün suyun içində qalıb. Biz çox əziyyətli günlər yaşamışıq. İndiki gənclər o əziyyətlərdən xəbərsizdilər. Hər şeyi hazır alırlar. Bizim gəncliyimizdə çörəyi analarımız, nənələrimiz bişirərdi, paltarları da əlləriylə tikərdilər”.