Gəncədə xəstəxanada yanğın olub, ölən var, araşdırma aparılır -  YENİLƏNİB-3

TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada elektrik şitində tüstülənmə baş verib. 

TƏBİB-dən "Report"a bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Qeyd edilib ki, hazırda tibb müəssisəsinin Cərrahiyyə və Reanimasiya şöbələrindəki pasiyentlər təxliyə edilir.

Bildirilib ki, artıq 58 nəfər təxliyə edilib və vəziyyət nəzarət altındadır.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a bildirilib ki, aprelin 26-da Gəncə şəhərində yerləşən 1 saylı Abbas Səhhət adına xəstəxanada yanğın baş verməsi barədə məlumat daxil olub.

İlkin araşdırma zamanı xəstəxananın zirzəmisindəki elektrik şitində baş vermiş qısaqapanma nəticəsində tüstülənmə olması müəyyən edilib.

Hadisə nəticəsində xəstəxanada müalicə alan 1963-cü il təvəllüdlü Nazilə Məmmədova ölüb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

10.51

Gəncə şəhərində Abbas Səhhət adına 1 saylı Xəstəxanada baş verən yanğın nəticəsində bir nəfər dünyasını dəyişib.

Bu barədə "Report"un Qərb bürosu xəbər verir.

Ölən şəxsin xəstəxananın reanimasiya şöbəsində tüstüdən zəhərləndiyi bildirilir.

10.29

Gəncə şəhərində Abbas Səhhət adına 1 saylı Xəstəxanada baş verən yanğın söndürülüb.

"Report"un Qərb bürosunun məlumatına görə, reanimasiya şöbəsində qısaqapanma nəticəsində tüstülənmə qeydə alınıb.

Bu zaman həm xəstəxana işçiləri, həm də pasiyentlər arasında tüstüdən zəhərlənənlər olub.

Tibb müəssisəsinin işçiləri və xəstələr təxliyə olunub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhərində yerləşən Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.