Günəşdə iyulun 1-nə keçən gecə ən yüksək X sinfinə aid güclü alışma qeydə alınıb.
Sherg.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Mütəxəssislərin bildirdiyinə görə, alışmanın gücü X1.1 olub və onun təsiri nəticəsində iyulun 2-si axşam saatlarında Yerə güclü maqnit qasırğasının çatacağı gözlənilir. Alimlər hadisənin G3 səviyyəsində maqnit qasırğasına səbəb olacağını, daha yüksək G4 səviyyəsinin isə gözlənilmədiyini bildiriblər.
Qeyd olunub ki, partlayış dalğasının Moskva vaxtı ilə saat 21:00–24:00 arasında Yerə çatacağı proqnozlaşdırılır. Bu maqnit qasırğasının mart ayından bəri müşahidə edilən ən güclü geomaqnit hadisəsi olacağı ehtimal edilir.