İflic olan qızını xəstəxanada öldürdü
Bu olay daha bir qaranlıq keçmişi də ortaya çıxardı
Yunanıstanda 33 yaşlı qadın xəstəxanada müalicə alan azyaşlı qızını öldürdüyü şübhəsiylə həbs edilib. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, Yunanıstanın paytaxtı Afinada qorxunc hadisə yaşanıb. 33 yaşlı Roula Pispirigu 9 yaşlı qızı Corcinanın həyatına son qoymaqda şübhəli bilinir. Ötən ilin aprelində iflic keçirən uşaq 8 aydır ki, xəstəxanada yatırdı. Ağrıları azalsın deyə uşağa kiçik dozada ketamin verilib.
Növbəti dəfə uşağın vəziyyətini yoxlamağa gələn tibbi personal Corcinanın keçindiyini görüb. Halbuki, az əvvəl uşağın vəziyyəti normal olub. Ananın palatada uşaqla təkbaşına qalmasından şübhələnən həkimlər ölüm səbəbini müəyyənləşdirməyə başlayıb. Əzələ toxuması üzərindən aparılan analiz uşağa dozadan artıq ketamin verildiyini ortaya çıxarıb. Buna görə də anadan şübhələniblər. Çevik qüvvətlər polisi tərəfindən həbs edilən ana hakim qarşısına çıxarılıb, lakin tibbi personalın iddialarını rədd edib. Hakim isə məhkəmə istintaqının davam etdirilməsinə, istintaq müddətində ananın həbsxanada nəzarət altında qalmasına qərar verib. İstintaqın gedişində ailənin daha 2 azyaşlı övladının da müəmmalı ölümləri üzə çıxıb.
3 yaşlı Malena 2019-cu ildə qaraciyər çatışmazlığından, 6 aylıq İris isə 2021-ci ildə ürək çatışmazlığından şübhəli şəkildə vəfat edib. Ədliyyə pataloqu və Yunanıstandakı Ədliyyə Tibb Birliyi başqanı Qriqoris Leon digər körpələrin cəsədlərinin məzardan çıxarılmasıyla ölüm səbəblərinin cinayət xarakterli olduğunun təsdiqləndiyini bildirib:
“Burada bir cinayət işləndiyi ehtimalı böyükdür. Bunun təsdiqi üçün uşaqların ölüm səbəbləri yenidən tədqiq ediləcək. Bu, bizim ədaləti bərpa etməyimizin yeganə yoludur”.
Qeyd edilir ki, Corcina vəfat etdikdə ana “bu, qızının ən çox sevdiyi əşyasıydı”, deyərək planşetin də məzarlığa gömülməsini istəyib. Lakin uşaqların atasının (həyat yoldaşları ayrılıblar) keçmiş həyat yoldaşının əleyhinə ifadə verməsindən sonra planşet də dəlil olaraq məzardan çıxarılıb və ona baxış keçirilib. Qızıyla son fotosunda ananın gülümsədiyi görünür.
Tibb personalı da iddia edir ki, onlar uşağı müayinə edib palatadan çıxdıqdan 1 saat sonra ölüm hadisəsi baş verib. Böyük ehtimalla ana qızına artıq dozada ketamin verib, 20 dəqiqə sonra isə uşaq keçinib. Məhkəmə qadının digər 2 övladının ölümündə nə dərəcədə günahkar olduğunu da araşdırır.