Öldürmək motivi isə hələ uşaq dünyaya gəlməmiş yaranır. Səbəb kimi isə maddi çətinlik və uşağın dünyaya qanunsuz gətirilməsi göstərilir
Bakıda ana yeni doğulmuş körpəsini öldürüb. Hadisə Xəzər rayonunda baş verib. Noyabrın 11-də Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Pərvanə Eyvazova 3 günlük oğlan uşağını Türkan qəsəbəsinin ərazisində dənizə ataraq öldürüb.
Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə P.Eyvazova tutulub. Meyitin tapılması istiqamətində tədbirlər görülür. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, son illər Azərbaycanda yeni doğulmuş körpələrin həyatdan məhrum edilməsi, atılması kimi hallara tez-tez rast gəlirik. Demirik, kütləvidir bu hal. Lakin ildə bircə faktın olması belə faciədir. Azərbaycanda isə il ərzində bir neçə körpənin “səsi” gah zibil qutularından, gah binaların bloklarından, gah da sığınacaq qapılarından gəlir. Bəzən də cansız bədənləri Xəzərdən tapılır. Qeyd edək ki, bu tip hadisələr ciddi hüquqi və psixoloji aspektləri əhatə edir. Ananın uşağını öldürməsi texniki termin kimi ingilis dilində "maternal filicide" adlanır. Bu hadisələrdə "cinayət" deyil, "öldürmək" terminindən ona görə istifadə olunur ki, cinayət kəlməsinin yükü çox ağırdır. Avropada 0-2 yaş arasındakı uşaqların qatili olan analara digərlərinə nisbətən daha az həbs cəzası verilməsi qanunla tənzimlənir. Hətta araşdırmalara görə, qadınların doğuşdan dərhal sonra və laktasiya dövründə körpəsini öldürməsi olduqca tez-tez rast gəlinən bir haldır. Laktasiya dövründə anaların psixi-ruhi durumu ürəkaçan vəziyyətdə olmur. Belə ki, analar övladları doğulan anda ya ona ürəkdən bağlana bilər və ya beyni körpəni öz düşməni kimi qəbul edə bilər.
Hüquqşünas Anar Ramazanovun sözlərinə görə, vəziyyətindən asılı olmayaraq ortada qətl hadisəsi varsa, artıq cinayət məsuliyyəti yaranır, çünki bu əməldə cinayət tərkibi var: “Sırf uşağını öldürən analarla bağlı Cinayət Məcəlləsində xüsusi bir maddə mövcuddur. “Ananın yeni doğduğu körpəni öldürməsi” maddəsi Cinayət Məcəlləsində xüsusi norma ilə tənzimlənir. Cinayət Məcəlləsinin 120-ci maddəsi isə qəsdən adamöldürmə maddəsidir. Ananın öz uşağını öldürməsində qəsdən adam öldürmə cinayətinin və yeni doğulmuş uşağı öldürməsi cinayətinin tərkibi də yarana bilər. Amma əgər uşağın doğulmasından bir müddət keçibsə, burada artıq qəsdən adam öldürmə cinayəti yaranır.
Qəsdən adam öldürmə cinayətində 9 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğu halda, yeni doğulmuş uşağını doğuşdan dərhal sonra öldürən analara isə 3 ilə qədər həbs cəzası nəzərdə tutulur.
Cinayət hüququ ədəbiyyatında “Doğuşdan dərhal sonra” anlayışı belə izah olunur:
Ananın yeni doğduğu uşağı doğuşdan dərhal sonra öldürməsi dedikdə uşağın ana bətnindən ayrıldıqdan sonra dərhal öldürülməsi başa düşülür. Cinayət hüququ ədəbiyyatında bu müddətin uşağın ana bətnindən ayrıldığı andan 4 saat keçənədək olan müddətin nəzərdə tutulması təklif olunur”.
Hüquqşünas qeyd edib ki, bu müddət qanunla belə tənzimlənmir. “Qanunda ana bətnindən ayrıldıqdan sonra qısa zaman müddətində qətl baş verərsə, bu, xüsusi norma ilə tənzimlənir. Lakin hüquq ədəbiyyatında bu müddətin 4 saat keçənə qədər olan müddət götürülməsi təklif olunur. Çünki yalnız 4 saatdan sonra ana özünə tam gələ bilər”.
Psixoterapevt Şamil Fətəliyev isə Sherg.az-a açıqlamasında bu məsələdə bir çox təsirlərin rol oynadığını deyib. Onun sözlərinə görə, anaları tərəfindən öldürülüb, yaxud da canlı atılan uşaqların əksəriyyəti nikahdankənar doğulan uşaqlardır. Sosial tənqidə dözə bilməyən analar uşaqdan imtina etməyə məcbur olurlar: “Azərbaycanda erkən seksual həyatın profilaktikası ilə bağlı çox az təbliğat aparılır. Nəticədə hamilə qalan qadınlar yaşayacaqları problemləri əvvəlcədən dərk edə bilmirlər. Qəfil belə bir faktla qarşılaşan qadınlar dünyaya gətirdikləri körpənin qayğısına qala bilmir və uşağı atmalı olurlar”.
Psixoterapevt qeyd edib ki, övladını atan və ya qətlə yetirən anaların psixologiyası digər insanlardan fundamental şəkildə fərqlənir. Onun sözlərinə görə, körpəsini döyərək öldürən analarda övladının qətli pis əhval zamanı, qəfil, impulsiv və qəddar akt kimi təzahür edir: “Yəni aqressiyaya stimul kimi uşağın davranışı çıxış edir. Bu tipdə reaktiv depressiya, aşağı intellekt müşahidə edilir. Bununla belə bu faktorların onların davranışına təsiri əhəmiyyətsizdir. Bu zaman sosial faktorlar və psixoloji stress daha əhəmiyyətli rol oynayır. Psixi xəstəlik üzündən övladını qətlə yetirən analar üçün də suisidal cəhdlərlə müşayiət edilən reaktiv depressiya səciyyəvidir.
Konkret hadisədə olduğu kimi yeni doğulan körpəsini öldürən analarda isə psixi pozuntular müşahidə edilmir. Bu kateqoriyaya adətən tənha və ya boşanmış qadınlar aid edilir. Qanunsuz övladlarını dərhal, doğumdan sonra qətlə yetirirlər. Onlarda dissosiasiya dərəcəsi eləcə də hamiləliyin inkarı zamanla qabarıq ifadə edilmiş isterik müdafiə mexanizmi şəklində təzahür edir.
Arzuedilməz övladını qətlə yetirən analar impulsiv, antisosial davranışla, kriminal keçmişlə fərqlənir. Narkotik maddədən asılıdır. Bu tiplər övladını əvvəlcədən düşünülmüş plan üzrə aqressiv şəkildə, ya da ac saxlamaqla öldürür”.
Ş.Fətəliyevin sözlərinə görə, qadınlarda ən geniş yayılmış psixi pozuntu doğumdan sonra baş qaldıran şizofreniya və ya reaktiv psixoz vəziyyətidir: "Şizofreniya qadında xroniki psixi pozuntunun olmasından xəbər verir və bu halda qadın anlaqsız sayılır. Kəskin şizofreniya tutmaları zamanı müşahidə edilən depressiv-paranoid sindrom zamanı bu qadınlarda bitməmiş suisid müşahidə edilir. Bu zaman onlarda depressiv vəziyyət psixotik xarakter daşıyır. Şüurun pozulması, affektiv və iradi pozuntular, aqressiv əməllər impulsiv xarakter daşıyır. Bu tip qadınlar əməllərinin xarakterini və mənasını dərk edə bilməməsindən xəbər verir və bu qadınlar anlaqsız hesab edilir.
Əgər qadında psixotik xarakter daşımayan psixogen depressiya müşahidə edilirsə, belə depressiya situasiya ilə şərtlənir və psixoz səviyyəsinə çatmır. Onlarda psixotik depressiya əlamətləri müşahidə edilmir. Onlar cinayəti çox məqsədyönlü törədir ki, bu da onların anlaqlı olduğunu göstərir. Qadının uşağa münasibətdə aqressiv davranışı xüsusilə emosional qeyri-sabitlik, sərxoşluq vəziyyətində təzahür edir. Bu cür davranış psixopatik xüsusiyyətlərlə də bağlı ola bilər. Belə tip qadınlar uşağı qətlə yetirdikdən sonra özlərini günahlandırır.
Övladına qarşı belə bir davranış həm də psixi travma vuran şəraitlə şərtlənmiş emosional gərginliklə də bağlı olur. Psixi travma vuran şərait kimi uşağın arzuedilməz olması məqamıdır. Konflikt uşağı dünyaya gətirmək istəyi ilə ətrafdakıların əks tələbi arasında yaranır. Psixi cəhətdən sağlam analar cinayəti məqsədyönlü şəkildə törədir. Onlarda əməllərin dərkində heç bir problem yoxdur. Öldürmək motivi isə hələ uşaq dünyaya gəlməmiş yaranır. Səbəb kimi isə maddi çətinlik və uşağın dünyaya qanunsuz gətirilməsi göstərilir”.