Sankt-Peterburqda 1990-cı illərdə Azərbaycanda törədildiyi iddia olunan banditizm, adam oğurluğu, quldurluq və qanunsuz silah dövriyyəsi cinayətlərinə görə 22 ildir beynəlxalq axtarışda olan Yusif Əliyev iyunun 9-da saxlanılıb.
Sherg.az xəbər verir ki, Rusiya mətbuatının məlumatına görə, Vasiliostrov Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. Yusif Əliyev Azərbaycana ekstradisiya olunması ilə bağlı qərar verilənədək həbsdə qalacaq. Məhkəmə onun həbs müddətini 2026-cı il iyulun 18-dək müəyyənləşdirib.
İstintaqın versiyasına əsasən, Əliyev 1994 və 1995-ci illərdə baş vermiş iki adam oğurluğu hadisəsində iştirak etməkdə ittiham olunur. Birinci hadisədə zərərçəkən şəxs üç gün girov saxlanılıb və azad edilməsi üçün 182 min dollar tələb olunub. İkinci hadisədə isə girov dörd gün saxlanılaraq yaxınlarından 150 min dollar məbləğində pul istənilib.
Məlumata görə, Yusif Əliyev Rusiyada qeydiyyatsız və rəsmi iş yeri olmadan yaşayırmış. O, uzun illər ədalətdən yayındığını qəbul etməsə də, məhkəmə bu arqumenti əsaslı hesab etməyib.
Hazırda onun Azərbaycana təhvil verilməsi ilə bağlı prosedurlar davam etdirilir.